Bəhruz Quliyev: "ABŞ-ın xarici siyasətində hərbi gücdən tam imtina deyil, onun daha selektiv və hesablanmış şəkildə tətbiqi tendensiyası müşahidə olunur"
Mediada Mayk Consonun əvvəlki çıxışlarına istinad edilərək, onun ABŞ-ın yeni müharibələrə cəlb olunmasının əleyhinə olduğu vurğulanır. Bildirilir ki, o, ABŞ-ın xarici hərbi əməliyyatlara ehtiyatla yanaşmasının tərəfdarı olub və İranla bağlı vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsini istəmədiyini ifadə edib. Conson hesab edib ki, əsas məqsəd qarşıdurmanı böyütmək deyil, təhlükələri aradan qaldırmaq və münaqişənin daha da genişlənməsinin qarşısını almaq olmalıdır.
Mayk Consonun ABŞ-ın yeni müharibələrə cəlb olunmasının əleyhinə olduğunu bildirməsi Vaşinqtonun xarici siyasətində hansı tendensiyalardan xəbər verir? Bu yanaşma ABŞ-ın İran və Yaxın Şərq siyasətinə necə təsir göstərə bilər?
"ABŞ Nümayəndələr Palatasının sədri Mayk Consonun ABŞ-ın yeni müharibələrə cəlb olunmasının əleyhinə olması ilə bağlı mövqeyi Vaşinqtonun xarici siyasətində son illər daha çox müşahidə olunan praqmatik yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər. ABŞ siyasi elitasında artıq belə bir fikir güclənir ki, uzunmüddətli və bahalı hərbi əməliyyatlar həm ölkənin iqtisadi resurslarına ciddi yük yaradır, həm də daxili siyasi sabitliyə mənfi təsir göstərir. Buna görə də Vaşinqtonun prioriteti yeni müharibələrə başlamaqdan daha çox, mövcud riskləri idarə etmək və milli təhlükəsizliyi fərqli vasitələrlə təmin etməkdir.
Bu yanaşma, eyni zamanda, ABŞ daxilində seçicilərin əhval-ruhiyyəsi ilə də bağlıdır. Amerika cəmiyyətində xarici hərbi müdaxilələrə dəstək əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Siyasətçilər də bu reallığı nəzərə alaraq diplomatik, iqtisadi və siyasi təzyiq mexanizmlərinə daha çox üstünlük verməyə çalışırlar."
Hesab edirəm ki, Mayk Consonun açıqlamaları ABŞ-ın xarici siyasətində hərbi gücdən tam imtina deyil, onun daha selektiv və hesablanmış şəkildə tətbiqi tendensiyasını əks etdirir. Bu isə Yaxın Şərqdə gərginliyin tam aradan qalxacağını deyil, tərəflərin birbaşa genişmiqyaslı müharibədən yayınmağa çalışacağını göstərən siyasi siqnallardan biri kimi qiymətləndirilə bilər." - deyə, B.Quliyev əlavə edib.
Dəniz NƏSİRLİ