Nyu-York şəhərinin meri Zöhran Mamdani İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a mümkün səfərindən əvvəl diplomatik mübahisəyə səbəb olub. Ötən ilki seçki kampaniyası zamanı Netanyahunu həbs edəcəyinə söz verən Mamdani yerli qanunvericiliyə əsasən bunu etmək səlahiyyətinin olmadığını etiraf edib və federal hakimiyyət orqanlarına açıq çağırış edib.
Sosial media hesabında paylaşdığı videoda Mamdani İsrail Baş naziri Netanyahunu “müharibə cinayətkarı” adlandırıb və Fələstin xalqına qarşı dəhşətli soyqırımın memarı olduğunu deyib.
Mamdani Netanyahunu həbs etmək səlahiyyətinə malik olmadığını bildirib və federal hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Merin açıqlaması ABŞ-ın daxili siyasətində də gərginliyi artırıb. ABŞ prezidenti Tramp sosial mediada Mamdaninin açıqlamalarına reaksiya verərək Netanyahunun ABŞ ərazisində qətiyyən həbs olunmayacağını deyib. Tramp Netanyahunun İrana qarşı müharibə apardığını iddia edib: "Həbs edilməli olanlar İranı bu görünməmiş ölüm və dağıntı spiralına sürükləyənlərdir".
İsrail Baş naziri Netanyahunun sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsi gözlənilir. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2024-cü ildə müharibə cinayətləri ittihamı ilə Netanyahunun həbsinə order verib. Mamdaninin tələbinə baxmayaraq, ABŞ administrasiyası BCM-in səlahiyyətlərini tanımır və məhkəmənin tərəfi deyil.
Tahir TAĞIYEV