Ermənistanın baş naziri ilə Çexiyanın erməni icmasının nümayəndələri arasında keçirilən görüşdə əslən Qarabağdan olan iştirakçılardan biri Nikol Paşinyana sual verib:
“Sən sülhdən danışırsan. Torpaqları icarəyə verməklə bu dünyanı necə qəbul edirsiniz? Siz ancaq təslim olursunuz”. Buna cavab olaraq Paşinyan erməni icmasının nümayəndələrini Qarabağı təslim etməkdə ittiham edib:
“Uzaqdan vətəni sevmək adətinə son qoyaq. Bağışlayın, siz qalib yurddan ayrılanda torpaqdan əl çəkdiniz, gəlib Praqada xoşbəxt həyat sürdünüz. Gedişinlə bu torpağı təslim etdin, çünki torpaq sənin üçün idi”.
Şuşa şəhərinin “meri “ olmuş Artsvik Sarkisyan erməni nəşrinə müsahibəsində Nikol Paşinyanın sözügedən bəyanatına istinad edərək deyib: “Qulaq as, oğlan, Şuşada nə qədər erməni yaşayırdı? Bəs sən Şuşanı niyə təslim etdin? Bizim azad etdiyimiz bütün torpaqlarda ermənilər yaşayırdı. Nikol Paşinyan nə deyir? Nə üçün? Şuşada nə qədər erməni yaşayırdı, amma Şuşa da təslim oldu, ermənilər harada yaşamırdılar? İrəvandan da çoxlu erməni mühacirət edib, İrəvanı nə vaxt təslim edəcəksən? Belə bəyanatlar vermək olmaz. İnsanlara ruh vermək əvəzinə, onları ruhdan məhrum etməyin nə mənası var? Artıq bu hiylələr işə yaramır, qoy boşuna bunu etməsin”.
Bu fakt Paşinyanla erməni diasporu arasında ciddi uçurum mövcudluğunu bir daha təsdiq edirmi?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2018-ci ildəki hakimiyyət dəyişikliyinə və Nikol Paşinyanın iqtidara gəlməsinə qədər diasporla Ermənistan dövləti arasında hər hansı ciddi böhran və ya anlaşılmazlıq müşahidə olunmayıb:
“Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaranan soyuqluq 2020-ci ildəki Qarabağ müharibəsindən sonra Ermənistan və diaspor qüvvələri arasındakı münasibətlərin kəskinləşməsi ilə davam etdi. Beləliklə, münasibətlərdə uçurum yarandı. Müəyyən qədər xalq dəstəyini hiss edən Paşinyan hakimiyyəti daha sərbəst hərəkət etməyə, müstəqil siyasət yeritməyə meyl göstərdi. Bu məsələdə Paşinyana mane olan və iqtidara şərik olmağa çalışan diasporun Ermənistana təsir rıçaqlarını minimallaşdırmaq üçün yeni hakimiyyət siyasi gediş etdi. Belə ki, seçkilərdən sonra formalaşacaq hökumət kabinetində Diaspor Nazirliyinin olmayacağı və bu qurumun ləğv ediləcəyi açıqlandı. Bu qərar erməni diasporunda şok effekti yaratdı. Nikol Paşinyan diaspora qarşı vəfasızlıq etməkdə ittiham olundu. Yeni hakimiyyət müxtəlif ölkələrdəki diaspor təşkilatları tərəfindən tənqid atəşinə tutuldu. Qəzəbli diaspor iqtidarın qərarını dəyişdirmək üçün geniş kampaniyalara başladı. Nazirliyin ləğv edilməməsi üçün qalaq-qalaq məktublar, ictimai müraciətlər göndərildi. Bu azmış kimi, diaspor cəmiyyətin və müxalif siyasi qüvvələrin Paşinyan hakimiyyətinə qarşı təpki göstərməsinə çalışdı.
Müharibədəki məğlubiyyətdən sonra Paşinyanın hakimiyyətinin mövqeləri zəiflədi. Sözsüz ki, diaspor bundan istifadə edərək öz mövqeyini gücləndirməyə çalışdı. Xüsusən, diaspor təşkilatları tərəfindən külli miqdarda pulların, böyük məbləğdə ianələrin toplandığı “Hayastan” ümumerməni xeyriyyə fondunun vəsaitlərinin mənimsənilməsi ilə bağlı skandaldan sonra fondun qeyri-şəffaf idarə edilməsi əsas gətirilərək edilən yardımlardan imtina olunması münasibətlərdəki gərginliyi pik həddə çatdırdı. Çexiyada yaranan qarşıdurma da bunun növbəti təzahürüdür. Erməni diasporu bütün məğlubiyyətlərdə Paşinyanı günahkar bildiyi üçün, hər fürsətdə onu dalana dirəyir”.
Məhəmmədəli QƏRİBLİ