“Sülh sazişinə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.
Prezident qeyd edib ki, biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik: “Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqı rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada iki istiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.
“Çox təəssüf ki, Rusiya sülhməramlı dəstələri bu prosesə mane olur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etmir: “Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə uyğun olaraq regionda normallaşma və sülhün bərqərar olunmasına səy göstərir. Ermənistan isə əksinə, normallaşmaya mane olaraq öz təcavüzkar siyasətini davam etdirməyi seçib. Əgər Ermənistan həqiqətən də sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir. Amma təəssüflər olsun ki, Ermənistan pozuculuq əməllərindən əl çəkmir. Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi yalnız sülhə əngəl olmağa yönəlib. Hesab edirəm ki, bu, Ermənistanı dəstəkləyən qüvvələrin əsassız iddiasıdır. Sülhə nail olmaq istəyirlərsə, 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyannamədə göstərilən bütün bəndləri yerinə yetirməlidirlər. Əks halda bu proseslər uzunacaq. Azərbaycan yenə də sülhə məcburetmə prosesinə başlayacaq. Bu isə bizə lazım deyil. Bizim istəyimiz hər iki tərəfin tələbləri yerinə yetirməsi nəticəsində sülhə nail olmaqdır”.
Politoloq qeyd etdi ki, hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır: “44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündəm formalaşdırır, yaxud ən pis halda prosesi uzadır. Üçtərəfli razılaşmalarda üzərinə götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir. Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasına zəmin yaradır. Ermənistan minaları üçtərəfli Bəyanatdan sonra gətirib basdırıb. Bütün bunlar Bəyanatın mövcud olan şərtlərinin kobud şəkildə pozulmağı demək idi. Beynəlxalq ictimaiyyət də buna çox ciddi diqqət yetirir. Qarabağ ərazisində olan erməni silahlı qüvvələri ordan çıxarılmalıdır. Çox təəssüf ki, Rusiya sülhməramlı dəstələri bu prosesə mane olur. Ermənistana hansısa formada dəstək verir və ya bu şərtləri pozmağına göz yumur. Baş verən hadisələr göstərdi ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etmir. Aİ-nin Azərbaycanla razılaşdırmadan Ermənistana missiya göndərməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir fayda verməyəcək. Bu sadəcə Ermənistan və onun “yolgöstərən”lərinin regionda müəyyən yerə sahib olma cəhədləridir. Gözləntilərini ilk missiyada əldə edə bilməyib uğursuzluğa düçar olduqdan sonra müddəti uzadaraq ikinci missiyanı çağırıb yenidən nəsə gözləmək, bir sözlə, sadəlövhlükdür”.
Vidadi ORDAHALLI