“Uzun illər bundan əvvəl Azərbaycanın nefti yoxdur deyənlər, indi Azərbaycanın qazı yoxdur deyirlər”. Bu fikirləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən səsləndirib.
Ölkə başçısının sözlərinə görə, layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyac var: “Bu yaxınlarda mənə məlumat verildi ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb. Bu doğrudur. Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var. Biz strateji nöqteyi-nəzərdən baxırıq. Ehtiyatlara malik olub, onları nəql etmək imkanımızın olmamasındansa, yaxşı olar ki, potensialımız olsun və biz ondan tam şəkildə istifadə etməyək”.
“Kimin nə deməsindən asılı olmayaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol artır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycanın enerji strategiyası ölkəmizə yönəlik bir sıra oyunları pozdu: “Bəli, 1994-cü ilin 20 sentyabrında xarici neft şirkətləri ilə müqavilə imzalananda bir sıra dairələr buna rişxəndlə yanaşırdılar. Həm deyirdilər ki, Azərbaycanın bu qədər nefti yoxdur, həm də çıxarılacaq neftin maya dəyərinin yüksək olacağını bəyan edirdilər. Xüsusən də 1999-cu ildə İstanbul sammiti çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar qərar qəbul ediləndən sonra bu yöndə söz-söhbətlər daha da artdı. O vaxt dünyanın ən məşhur iqtisadi nəşrləri yazırdılar ki, Azərbaycanda neft ehtiyatlarının həcmi elə də böyük deyil. Azərbaycan BTC-ni neftlə doldura bilməyəcək və s. Ancaq məlum olduğu kimi, bütün bu deyilənlər özünü doğrultmadı. Ölkəmiz həm nefti hasil etdi, həm də xarici sərmayədarların bu sahəyə qoyduğu vəsaiti onlara qaytardı. Bənzər fikirlər Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP və TAP kəmərlərinin çəkilişi zamanı da ortaya atıldı. Ancaq 2020-ci ilin sonundan Azərbaycan Avropaya qaz ixrac etməyə başladı. Yaxın illərdə Azərbaycan 10-dan artıq ölkəyə qaz ixrac edəcək. Üstəlik, 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Ancaq bütün bunlara baxmayaraq, yenə də əsası olmayan fikirlər səsləndirilir. Bəzi ölkələrə məxsus olan nəşrlər, əsasən də Rusiya mətbuatı yazır ki, guya Azərbaycan Türkmənistandan qaz alaraq Cənub Qaz Dəhlizi vasitəsi ilə ixrac edir. Halbuki, Azərbaycan svop anlaşma çərçivəsində Türkmənistandan qaz idxal edir və onun da həcmi çox deyil. Bir sözlə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artır. Özü də bu, təkcə neft-qazla məhdudlaşmayacaq. Yaxın perspektivdə Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etməyə başlayacaq”.
Vidadi ORDAHALLI