Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın danışıqları davam edir. ABŞ dövlət katibi hər iki nazirlə əvvəl ayrılıqda da biraraya gəlib. Yayılan məlumatlara görə, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilirdi ki, səfər çərçivəsində Ermənistanla “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. Danışıqların bir neçə raundda davam etməsi ilk belə faktdır. ABŞ-ın təşəbbüsü ilə başlanan danışıqlar sülh sazişinə gətirib çıxara biləcəkmi? Ukrayna cəbhəsində kifayət qədər ağır duruma düşən Rusiya danışıqları pozmaq üçün hansı addımları atacaq?
Hər şeydən əvvəl onu qeyd etməliyik ki, ABŞ Azərbaycan-Ermənistan danışıqlarının nəticə verməsinə son 20 ildə heç vaxt bu qədər ciddi yanaşmayıb. Təqribən bir həftə sürəcək danışıqlarda irəliyə doğru xeyli məsafə qət etmək və Avropa siyasi birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək ikinci sammitində sülh sazişini imzalamaq hədəf götürülüb. Dünyanın ən böyük gücü olan ABŞ bundan 22 il əvvəl Ki-Uest şəhərində Azərbaycan, Ermənistan liderləri- Heydər Əliyevlə Robert Koçaryanın bir neçə gün davam edən görüşünü təşkil etmiş, nəticəyə nail olmaq üçün xeyli səylər göstərmişdi. Ortaya qoyulan “ərazi mübadiləsi” təklifi Azərbaycanı qətiyyən qane etmədiyindən danışıqlar uğursuz başa çatmışdı.
İndi vəziyyət tamamilə dəyişib. Əsas mübahisə mövzusu olan “Qarabağ məsələsi” artıq həllini tapıb və danışıqlarda müzakirə olunmamalıdır. Hərçənd ki, ermənilərin belə bir cəhd göstərəcəkləri və “sülh sazişi”nə Qarabağla bağlı müddəa saldırmağa çalışacaqları istisna olunmur. ABŞ bunun qarşısını qəti şəkildə almasa və ermənilərə təzyiq göstərməsə danışıqlar prosesi yenə “düyünə düşəcəkdir”. Bu baş verərsə, bundan ən çox qazanan prosesləri ləngitməyə çalışan Rusiya olacaq.
Nəzərə alsaq ki, Rusiya bütün diqqətini başlanması az qala hər gün gözlənilən Ukrayna ordusunun əks-hücumuna yönəldib və Vaşinqton danışıqlarına təsir etmək imkanı yoxdur, etiraf etməliyik ki, son illər belə əlverişli şərait heç vaxt olmayıb. ABŞ administrasiyası bunu düzgün qiymətləndirib prosesi pozmağa çalışan Ermənistana maksimum təzyiq göstərməlidir. Ermənistan bu təzyiqlərə müqavimət göstərmək gücündə deyil və bunu hamı yaxşı başa düşür.
Əgər ABŞ bu qətiyyəti göstərməsə və növbəti dəfə ermənilərin “nazı ilə oynasa” Rusiya bu məqamdan yararlanmağa çalışacaq. Xarici işlər nazirlərinin planlaşdırılan Moskva görüşündə irəliyə doğru addım atmaq üçün ciddi-cəhdlə çalışacaq və “sülh sazişi”nin imzalanmasını təşkil edən vasitəçi olmaq üçün erməniləri maksimum “sıxmaq”dan ötrü əlindən gələni edəcəkdir. Rusiya yaxşı başa düşür ki, Azərbaycana təzyiq göstərib, güzəştə getməyə məcbur etmək qeyri-mümkündür. Ötən il keçirilən Soçi sammiti bu reallığı açıq-aşkar göstərdi. Sonrakı danışıqlar nümayiş etdirdi ki, Rusiya rəsmiləri bunu artıq anlayıblar və mövqelərini ciddi şəkildə dəyişiblər.
Ümid edək ki, ABŞ administrasiyası da bu reallığı anlayacaq və Vaşinqton danışıqları uğurla başa çatacaq. Unutmamalıyıq ki, söhbət təkcə “sülh sazişi”nin imzalanmasından getmir. Söhbət həm də Qərbin Cənubi Qafqazda yerləşməsindən və Rusiyanı vurub bölgədən çıxarmasından gedir. Bu nəticə Azərbaycanın dövlət maraqlarına tam uyğundur və biz razılaşmanın Qərbin vasitəçiliyi ilə imzalanmasında maraqlıyıq.
Abutalıb Səmədov