Ermənistanın Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas iqtisadi tərəfdaşı olması, şimal qonşumuza sanksiyalar siyahısına salınmış məhsulların tədarük edilməsində mühüm rol oynaması artıq Qərbdə xüsusi diqqət mərkəzində yer alır. Təsadüfi deyil ki Qərbin nüfuzlu media orqanları bir-birinin ardınca bu mövzuya xüsusi diqqət etməyə başlayıblar.
Bu günlərdə “Bloomberg” agentliyi bu xüsusda yazmışdı ki, Ermənistan ötən il Avropa İttifaqı (Aİ) ölkələrindən əvvəlki iki illə müqayisədə daha çox paltaryuyan maşın idxal edib. Avropadakı rəsmilər Rusiyanın, tanklar da daxil olmaqla, hərbi texnikasında soyuducu və paltaryuyan maşınlarının hissələrinin olduğunu bildiriblər. İrəvan rusları hərbi texnika üçün lazım olan mikrosxemlərlə də təmin edir. Bir neçə gün öncə ABŞ-ın “The New York Times” qəzeti Rusiyanın silah istehsalı üçün lazım olan çip və digər elektron komponentləri digər ölkələr vasitəsilə almaqla Qərbin sanksiyalarından yayındığına dair məlumat dərc edib. Nəşrin xəbərinə görə, 2023-cü ilin martında ABŞ və Avropa İttifaqının məmurları Rusiyaya ixracı qadağan olunan milyonlarla dollar dəyərində texnologiyaların Rusiyaya tədarük edilməsi barədə məlumat mübadiləsi həyata keçirib. Məlumata görə, sözügedən ölkələrin texnologiyaları Rusiyaya əsas olaraq Ermənistan vasitəsilə satılıb. Bununla yanaşı, Rusiya silahları barədə araşdırma aparan “Conflict Armament Research” qrupunun sənədlərinin birində deyilir ki, Ermənistan 2022-ci ildə 2021-ci illə müqayisədə ABŞ-dan 515%, Aİ-dən isə 212% daha çox çip və prosessor idxal edib. Ermənistanın daha sonradan bu məhsulların 97%-ni Rusiyaya ixrac etdiyi bildirilir: “Digər bir sənəddə Sənaye və Təhlükəsizlik Bürosu Rusiya silahlarının inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya çip və komponentləri, o cümlədən, Rusiya qanadlı raketlərinin bir modeli olan KH-101-də Rusiya idxalı qadağan edilmiş hissə tapılıb”.Yenidən bu məsələyə toxunan “The Economist” jurnalı iə yazır ki, indi də Ermənistan sanksiyalaşdırılmamış satışlar hesabına Rusiyanın Qərbin qoyduğu sanksiyalardan yan keçməsinə kömək edir. Jurnalın araşdırmasında Rusiyanın təqribən Ukrayna ilə müharibədən əvvəlki qədər məhsul idxal etdiyi deyilir: “Qərbi yeni ticarət tərəfdaşları əvəz edib. Hazırda Çin Rusiyaya 2019-cu illə müqayisədə ikiqat çox satış həyata keçirir. Qərbdən “paralel”idxal - Rusiyaya üçüncü ölkədən qazlı içkilərdən kompüter çiplərinə qədər hər şeyin sanksiyalaşdırılmamış satışı - qəfildən artıb. 2022-ci ildə Ermənistanın Aİ-dən idxalı müəmmalı şəkildə ikiqat artdığı halda ölkənin Rusiyaya ixracı üçqat artıb”. Bundan başqa, materialda qeyd olunduğu kimi, 2022-ci ildə Serbiyadan Rusiyaya telefon ixracı dəyər ifadəsində 2021-ci ildəki 8 518 dollardan 37 milyon dollara çatıb. Qazaxıstandan Rusiyaya paltaryuyan maşın tədarükü 2021-ci ildəki sıfır göstəricisindən artaraq ötən il təqribən 100 min ədədə çatıb. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ticarət, Xəzinədarlıq və Ədliyyə nazirlikləri olmaqla 3 nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub. Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçınmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belarusa qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur. Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Trend-ə bildirib ki, Aİ Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır: “Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur”. P.Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir: “"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”. Ermənistanda dərc olunan “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, artıq Qərb ölkələri Ermənistanın baş naziri Nikol Paşinyana Rusiyaya dəstək olmamaq barədə xəbərdarlıq ediblər. Məlumata görə, bununla bağlı Qərb dövlətlərinin liderləri ilə Ermənistanın hökumət başçısı arasında ciddi müzakirələr olub. Paşinyana Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların təsirinin azaldılmasına dəstək olmamaq barədə ciddi xəbərdarlıq edilib: “Paşinyan bununla razılaşıb. Halbuki, bu addım nəticəsində ölkəyə maliyyə axını dayanacaq və erməni iş adamları əziyyət çəkəcəklər”.
Tahir TAĞIYEV