“Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq”. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tviter hesabında yazıb.
Daha sonra səfir bunları qeyd edib: “Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”.
Axı bu qədər yumşaq, ümumi münasibət nə deməkdir? Aİ-nin Ermənistanda da analoji missiya ilə fəaliyyət göstərən səfiri var. Ancaq bizdəki səfirdən fərqli olaraq, daha fəaldır. Ermənistandakı səfir sərhədə gəlir, hansısa bir şey olanda daha konkret və bəzən sərt mövqe sərgiləyir. 10 noyabr 2020-dən sonra 54 Azərbaycan vətəndaşı həlak olub, amma mina xəritələri verilmir. Lakin bir dəfə olsun, səfir Peter Mixalko bununla bağlı Ermənistana irad bildirməyib. Ən yaxşı halda dişsiz münasibət bildirməklə kifayətlənir.
“Avropa təsisatları nə vaxt Ermənistanın təcavüzkar siyasətini kəskin pisləyiblər ki?”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, bütün bunlar Azərbaycana münasibətdə ənənəvi ikili standartların davamıdır: “O baxımdan təəccüblü heç nə yoxdur. Avropa təsisatları nə vaxt Ermənistanın təcavüzkar siyasətini kəskin pisləyiblər ki? 30 ilə yaxın ərazilərimiz işğal altında qaldı, yaşayış məntəqələri yerlə yeksan edildi, 1 milyonluq məcburi köçkün və qaçqın ordusu yarandı. Bir dəfə belə Ermənistandan BMT qətnamələrinə əməl etməyi tələb etmədilər. Azərbaycan öz ərazilərini güc yolu ilə azad edəndə isə hamı əl-ayağa düşdü. Bütün resursları işə saldılar ki, hücumu dayandırın. Ancaq bunun qarşılığında Ermənistanın işğal etdiyi ərazilərdən çıxacağı öhdəliyini öz üzərlərinə götürmədilər. İki ildən çoxdur ki, Azərbaycan mina terroru ilə üz-üzədir. Yüzlərlə ölkə vətəndaşı mina partlayışlarının qurbanı olur. Bir dəfə olmadı ki, Avroittifaq təmsilçiləri sərt və konkret mövqe ortaya qoysunlar. Xüsusən də mina xəritələrinin tələb olunması ilə bağlı Avropa İttifaqının Ermənistana təsir imkanları daha geniş idi. Nəzərə almaq lazımdır ki, Aİ Ermənistana böyük maliyyə yardımları vəd edib. Məhz bu amildən istifadə edib mina terrorunun qarşısını almaq mümkün idi. Ancaq əfsuslar olsun ki, bundan istifadə edilmədi. Məhz bunun nəticəsidir ki, Ermənistan öz bildiyini edir. Nəinki mina xəritələrini vermir, hətta 10 noyabr üçtərəfli razılaşmasından sonra da ərazilərimizi minalamaqla məşğuldur. Ona görə də biz nə Aİ-dən, nə də digər beynəlxalq qurumlardan mərhəmət gözləməməliyik”.
Vidadi ORDAHALLI