Həm ABŞ, həm də Avropa İttifaqı nümayəndələrinin, xüsusən Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində dürüst vasitəçi roluna "iddiaları" var idi və düşünürəm ki, bu iddialar puç oldu.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
M.Zaxarova qeyd edib ki, onların iddialarını heç bir konstruktiv və ya dürüst vasitəçi fəaliyyətinə aid etmək olmaz. Daha sonra Rusiya XİN rəsmisi bunları əlavə edib: “Vaşinqton və Parisin əsl niyyətləri konyunktur, siyasiləşmiş xarakter daşıyır və Rusiyanın mövqeyini zəiflətməyə yönəlib”.
Belədə Rusiyanın bu açıq-aşkar inkar mövqeyinin qarşısında Birləşmiş Ştatların və Avroittifaqın bundan sonrakı vasitəçilik səyləri nə kimi effekt verə bilər? O cümlədən, Ermənistandakı Avropa İttifaqı missiyasının taleyi necə olacaq?
“Kreml Ermənistana yönəlik bütün təsir vasitələrini işə salacaq ki, Vaşinqton və Brüsselin vasitəçiliyi səmərə verməsin”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli buna bir neçə aspektdən yanaşdı: “Zaxarovanın səsləndirdiyi fikirlər Rusiyanın kobud müdaxiləsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycana və Ermənistana kobud təsir vasitəsi kimi nəzərdə tutulmalıdır. Yəni Rusiya bütün vasitələrlə çalışır ki, vasitəçilik missiyası əlindən çıxmasın. Təsir rıçaqları ancaq Moskvanın əlində olsun. Ancaq düşünmürəm ki, ABŞ və Aİ vasitəçilik məsələsində geri çəkilsin. Çünki tərəflərin hər ikisi vasitəçiliyə iddialıdır. Onlar çalışır ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məhz Vaşinqton və Brüsselin nəzarəti altında həyata keçsin. Ona görə də sözügedən proses hələ ki, arzuolunan səviyyədə davam etmir. Kreml Ermənistana yönəlik bütün təsir vasitələrini işə salacaq ki, Vaşinqton və Brüsselin vasitəçiliyi səmərə verməsin. Zaxarovanın yanaşmasında sətiraltı məqamlar buna işarə edir. Sərhəddəki Aİ monitorinq missiyasının taleyi qaranlıq görünür. Ona görə ki, burada təkcə Ermənistanın yox, Azərbaycanın mövqeyi də nəzərə alınmalıdır. Çünki Azərbaycan buna qarşıdır. O cümlədən, Rusiya da bunu Ermənistanda öz maraqlarına qarşı təhdid hesab edir. Görünən odur ki, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə kəskinləşir. Nəzərə almaq lazımdır ki, nə Azərbaycan, nə də Ermənistan tərəflər arasında Qərbin vasitəçilik etməsinə qarşı deyil. Rusiya istəsə belə, onların vasitəçiliyini kənara qoymaq olmaz. Üstəlik, Ukrayna müharibəsi səbəbindən Rusiya ciddi resurs itkilərinə məruz qalır. Hələ bəlli deyil müharibə nə zaman bitəcək. Ona görə də Rusiyanın danışıqlara müdaxilə səylərinin Moskvanın xeyrinə işləyəcəyini də demək çətindir. Bu baxımdan hesab edirəm ki, tərəflərin nüfuz mübarizəsi davam edəcək”.
Vidadi ORDAHALLI