Fransa xarici işlər naziri Katrin Kolonna Bakı səfərini yekunlaşdırandan sonra İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan görüş zamanı Fransaya Cənubi Qafqaz probleminə, Qarabağ və Laçında yaranan son vəziyyətə göstərdiyi “xüsusi diqqətə” görə təşəkkür edib.
Kolonna isə öz növbəsində Fransanın Ermənistanın dostu olduğunu bildirib:
“Fransa Ermənistanın yanındadır. Biz sizinləyik, ədalətli və sabit sülh axtarışında apardığınız islahatları, səyləri və işləri dəstəkləyirik”.
Qarabağ məsələsinə gəldikdə isə, tərəflər bildiriblər ki, Azərbaycan beynəlxalq məhkəmənin Laçın dəhlizi ilə bağlı qərarını yerinə yetirməlidir. O cümlədən, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 noyabr 2020-ci il bəyanatına zidd adlandırıblar.
Eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar.
Bu addımla Fransa bir daha neytral ölkə deyil, konkret tərəf olduğunu nümayiş etdirdimi?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əgər Fransa həqiqətən Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirsə, qeyri-konstruktiv mövqe tutan Ermənistanın yox, Azərbaycanın yanında dayanmalıdır: “Amma görünən odur ki, Fransa birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləyir, bölgədə yeni müharibə ocağını alovlandırır. Digər tərəfdən isə, Fransa rəhbərliyi bu yaramaz əməllərlə bölgəyə nufuz etmək istəyir, Azərbaycanın daxili işlərinə müdaxilə edir. Bu isə yolverilməzdir. Əvvəla, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə müdaxilə etməyə haqqı çatmır. Çünki biz keçmiş Minsk qrupunun üzvü olan Fransanın 30 ilə yaxın davam edən işğala göz yumduğunu, ermənispərəst mövqe tutduğunu yaxşı bilirik. Təəssüf ki, Azərbaycanın 44 günlük Vətən m üharibəsindəki tarixi qələbəsindən sonra da Fransa bu ədalətsiz siyasətini davam etdirir. Rəsmi Paris yenə də Ermənistanı müdafiə edərək işğalın, terrorun və separatçılığın yanında olduğunu göstərir. Əslində isə, Fransa neytrallığını qoruyub saxlamaqla, ən azından, tərəfsiz olmaqla sülh prosesinə töhfə vermiş olar. Amma biz bunun əksini görürük. Hesab edirəm ki, Fransa, İran və digər ermənipərəst ölkələr bununla heç nəyə nail ola bilməyəcək. Əminliklə demək olar ki, bu ölkələr tezliklə Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qalacaqlar”.
Sual oluna bilər, Fransanın Cənubi Qafqazda marağı nədir ki, özünə belə əl qatıb? O doğrudanmı bədbəxt və rəzil Ermənistan üçün - sahibsiz, küçələrdə qalmış dul bacısı üçün göz yaşları axıdır?
Əlbəttə, xeyir! Əvvəla, Fransanın canfəşanlığının səbəbi dünyada aparıcı dövlət kimi nüfuzunun itirilməsinin ört-basdır edilməsi, Minsk qrupunun həmsədri kimi fəaliyyətini yenidən bərpa edərək, Ermənistanın vasitəsi ilə bölgədə qalmaq, ən azı, erməni bacılarına qorxmayın, mən də buradayam söyləmək istəyidir.
İkincisi, Makron erməni lobbisindən seçki kampaniyasına maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı erməni elektoratının səslərini legitimləşməyə çalışır. Fransa Azərbaycana dost dövlət deyil, dost olmayıb və olmayacaq. Fransa ilə münasibətlərdə dəstək və fayda axtarmaq havayı vaxt itkisidir. Fransaya adekvat və bir az da artıq cavab verməliyik. Bu cavablar artıq ən yüksək səviyyədə verilir və hədəfə çatmaqdadır.
Məhəmmədəli QƏRİBLİ