Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır.
Bu barədə Prezident İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.
“Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra biz hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq”, - deyən dövlət başçısı əlavə edib ki, Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.
Bütün bu deyilənlərin fonunda, Azərbaycanın bərpaolunan enerjinin həm istehsalı, həm də ixracı mənbəyinə çevrilməsi nə dərəcədə realdır? İndiyəcən reallaşdırılan üç əsas enerji infrastrukturu layihəsi nə deməkdir?
“Qara dənizin dibi ilə yeni marşurutların çəkilməsi ölkəmizin bərpaolunan enerjisinin Avropaya çatdırılmasına imkan verəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycan elektrik enerjinin həm istehsal, həm də ixrac mərkəzi olmaq gücünə sahibdir: “Əvvəla, bəli, indiyə qədər üç əsas enerji infrastrukturu layihəsi istifadəyə verilib. Bunlardan birincisi Bakı-Tbilisi-Ceyhan neft kəməridir ki, 2006-cı ilin ortalarında istifadəyə verilib. Bir il sonra, yəni 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. Üçüncüsü Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə bağlı görülən işlərdir. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il ildə Azərbaycanla Türkiyə arasında TANAP-la bağlı müqavilə imzalanıb. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda CQD-nin,12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin hissəsi olan TANAP qaz boru kəmərinin açılışı olub. Ən nəhayət Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Bu gün Avropada Azərbaycan qazının əsas alıcısı İtaliyadır. İtaliyanın qaza olan tələbatının 14 faizi TAP kəməri vasitəsi ilə təmin olunur. Bütün bunlardan sonra gündəmdə olan məsələ bərpa olunan enerji resurslarımızın istehsalı və ixracıdır. Bununla bağlı da intensiv işlər görülür. Ötən il iki böyük elektrik stansiyasının tikintisinə başlanılıb: “Masdar” şirkəti ilə birlikdə Qaradağ günəş stansiyasının və “ACWA Power” şirkəti ilə birlikdə Xızı-Abşeron külək elektrik stansiyasının inşası həyata keçirilir. Həmçinin BP şirkəti ilə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur. Qara dənizin dibi ilə yeni marşurutların çəkilməsi Azərbaycanın bərpaolunan enerjisinin Avropaya çatdırılmasına imkan verəcək”.
Vidadi ORDAHALLI