Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib. Bu barədə Paşinyan parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib:
“Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni də o qədər dindirəcəklər".
O, həmçinin, müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb:
“Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”.
Xatırladaq ki, Paşinyan bir müddət öncə bildirmişdi ki, istintaq orqanı tərəfindən 53 nəfər dövlətə xəyanətdə ittiham olunur və onların əksəriyyəti hərbçidir.
Maraqlıdır, Paşinyandan hansı ifadələr alına bilər və istintaqın sonu onun üçün hansısa təhlükə vəd edir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yöndə istintaqın getməsi məlumdir: “Ermənistanın baş naziri Nikol Paşinyanın bu iş üzrə İstintaq Komitəsində şahid qismində dindirilməsi müharibədən sonraya təsadüf edir.
2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
Proses İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə mühüm işlərin araşdırılması şöbəsində davam etdilir. İdarənin rəhbəri Rafael Vardanyanın sözlərinə görə, müharibədə ölən hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.
Paşinyanla bağlı səmimi istintaqın aparılacağına inam azdır. Bununla Paşinyan ictimai rəydə özü və ölkəsi üçün dividend qazanır. Həm özünü daxili auditoriyadan sığortalayır, həm də beynəlxalq aləmə göstərir ki, onun ölkəsində demokratiya “fontan vurur”. Hətta o dərəcədə ki, ölkə başçısını belə istintaq edirlər. Bu iş üzrə məsuliyyətə cəlb edilən yüksək çinli hərbçilər var və olacaq da. İstintaqın gedişi Paşinyana heç bir təhlükə vəd etmir. 2020-ci il müharibəsindən sonra Nikol Paşinyan cəmiyyətin əhəmiyyətli hissəsinin dəstəyini itirsə də, noyabrın 10-da imzaladığı bəyanatla hakimiyyətinin saxlanması üçün ciddi təminat əldə etdi.
10 noyabr bəyanatından asılı olan kövrək regional sabitliyin qorunması məsələsi ön plana çıxdı. Bölgənin böyük dövlətləri - Rusiya, İran və Türkiyə bəzi qüvvələrin sabitliyi pozmaq və böyük regional müharibə doğurmaq cəhdini anlayaraq, həmin bəyanat əsasında müvəqqəti status-kvonu saxlamağa çalışdılar. Qərblə özünəməxsus ziddiyətləri olan hər üç ölkə bu bəyanatın saxlanmasında maraqlı olub. Ermənistandakı digər siyasi qüvvələr isə bunun əleyhinə çıxıb. Yəni demək istəyirəm ki, Ermənistanın öz daxilində də siyasi vəziyyət gərgindir”.
Politoloqun sözlərinə görə, Paşinyan bu gərginlikdən istifadə edib, özünü gözə soxmaq üçün belə şoular düzəldir: “O gözəl bilir ki, idarə etdiyi Ermənistanda avtoritarizm hökm sürür. Heç nə onun şəxsi iradəsindən kənar baş verə bilməz.
Paşinyan belə demokratdırsa, ölkəsini düşünəndirsə, qoy elə sülh sazişini imzalamağa maraq göstərsin. Bunu etmir, ancaq xalqa maraqlı və gülməli gələn addımlar atır”.
Məhəmmədəli QƏRİBLİ