İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani yenidən İsraili Tehranla Bakı arasında münasibətlərin pisləşməsində ittiham edib.
Belə ki, Tehranda keçirilən brifinqdə İran rəsmisi Azərbaycanla bağlı bir sıra uydurma ittihamlarla çıxış edib: “İran İslam Respublikasının və Azərbaycanın düşmənləri var. Sionist rejim ikitərəfli münasibətlərin məlum düşmənlərindən biridir. İran ümumi maraqları nəzərə alaraq mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasının, qarşılıqlı hörmətin vacibliyini vurğulayır. Bəzi qüvvələrə iki ölkə arasında fikir ayrılıqları yaratmağın sərfəli olduğunu nəzərə alaraq, İran diplomatik təşəbbüslərin köməyilə son gərginliyi aradan qaldırmağa çalışıb”.
Məgər Tehrandakı səfirliyimizi İsrail gülləbaran edib? Yoxsa Zəngəzur dəhlizi ilə bağlı sərt açıqlamaları İsrail səsləndirir? Şimal-Cənub Nəqliyyat Dəhlizinin İrana düşən hissəsinin tikintisini kim yubadır?
“Əgər doğrudan da İsrail İran üçün məqbul deyilsə, o zaman...”
Sözügedən məsələyə aydınlıq gətirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, İranın məlum ritorikası, təbii ki, obyektiv və şəffaf yanaşma ortaya qoymur: “Söhbət ondan gedir ki, Azərbaycan-İran münasibətləri son 30 ildə, müəyyən ziqzaqları nəzərə almasaq, müəyyən qədər rəvan olub. Ancaq münasibətlərin bu səviyyədə olmasının əsas təşəbbüskarı Azərbaycan olub. Çünki Azərbaycan tərəfi İranın bütün o şərtlərinə, tələblərinə, hətta kaprizlərinə təmkinli yanaşıb. Ona görə iki ölkə münasibətləri uzun illər sabit olub. Lakin ötən illər ərzində İran Ermənistanla birmənalı olaraq dostluq edib. Azərbaycan ərazilərinin işğal edilməsinə dəstək olub. Sözdə görüntü xatirinə bəzi bəyanatlar versə də, işğala qarşı heç bir praktiki addım atmayıb, ortaya konkret siyasi iradə qoymayıb. Ermənistanın işğalına göz yumub. İşğal altında olan ətraf 7 rayonun sökülməsində və daha sonra xaraba qalmasında iştirak edib. Məsələ ondadır ki, həmin yaşayış məntəqələri sökülərək oradakı materialların böyük hissəsi İrana daşınıb. Bununla bağlı çoxsaylı faktlar və şahidlər var. Məgər bunların səbəbkarı sionistlərdir? Axı İranın gözü qabağında bunlar baş verib. O zaman molla rejimi hara baxırdı? Məscidlər, müqəddəs ziyarətgahlar təhqir olunanda niyə İranın səsi çıxmırdı? İran hər vasitə ilə Zəngəzur dəhlizinin çəkilməsini əngəlləməyə çalışır. Tehranda Azərbaycan səfirliyinə edilən hücumun qarşısını almadı. Halbuki, bu mümkün idi. Məgər o hücumu da İsrail təşkil edib? Yaxşı olardı ki, İran bunlara bir izahat versin. Ona görə də İran da Azərbaycanın düşmənləri ilə dostluq etməsinə nəzər salmalıdır. Əgər doğrudan da İsrail İran üçün məqbul deyilsə, Azərbaycan-İsrail münasibətləri Tehranın maraqlarına ziddirsə, o zaman Ermənistanın İranla olan yaxınlığı da bizim ölkənin maraqlarına ziddir. Nəzərə almaq lazımdır ki, Ermənistan-İran münasibətləri daha dərindir. Hətta 1992-ci ilin mayında Şuşanın işğalından bəri İran hər zaman Ermənistanın yanında olub. Ölkəmizə hər fürsətdə ziyan vurub. Ona görə də burada daha çox məsuliyyət İranın üzərinə düşür. İran ittiham edən tərəf yox, ittiham olunan tərəf olmalıdır. İranın doğrudan da Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaq istəyi varsa, rəsmi Tehran davranışlarına, ölkəmizə yönəlik siyasətinə korrektələr etməlidir. Yoxsa kimisə ittiham etməklə nəyəsə nail olmaq mümkün deyil”.
Vidadi ORDAHALLI