Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb:
“Ermənistan-Azərbaycan müqaviləsi kontekstində İrəvan hökuməti üçün 29,8 min kvadrat kilometr ölkə ərazisinin təhlükəsizlik təminatlarının formalaşdırılması, müqavilənin mətni ətrafında yarana biləcək uyğunsuzluqların və mübahisələrin həlli üçün praktiki mexanizmin formalaşdırılması əsasdır.
Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bunu ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində mümkün qədər tez həyata keçirməyə hazırdır”.
Göründüyü kimi, Ermənistan hökuməti kommikasiyaların açılması ilə bağlı öhdəliyi yerinə yetirmək əvəzinə, indi də
“Ermənistan kəsişməsi” adlı planı ortaya atır. Bu termin hansı anlama gəlir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Ermənistan siyasi dairələri bütün imkanlardan istifadə edərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bilərəkdən uzadır: “Rəsmi İrəvan müxtəlif ziddiyyətli bəyanatlar səsləndirir, məsuliyyətsiz açıqlamalar verir, yeni təkliflər və bəhanələr irəli sürməklə prosesə zərbə vurur. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsi yalnız rəsmi Bakının irəli sürdüyü 5 bənddən ibarət sənədə uyğun imzalana bilər. Əslində, Azərbaycanın müəllifi olduğu bu sənəddə Ermənistanın milli maraqlarına zidd heç nə yoxdur. Söhbət sərhədlərin qarşılıqlı tanınması, demarkasiya və delimitasiya edilməsi, bölgədə kommunikasiyaların açılmasından gedir. Halbuki, əgər nəqliyyat dəhlizləri açılarsa, bu hamıdan çox Ermənistanın xeyrinə olacaq. Uzun illər iqtisadi tənəzzül içində olan Ermənistan nəhayət ki, bu böhrandan çıxa bilər. Təbii ki, Zəngəzur dəhlizi açılarsa. Bunun üçün isə bölgədə sülh və təhlükəsizliyin bərpası şərtdir. Ermənistandakı revanşist və pozucu qüvvələr bu prosesi ləngitməyə çalışsa da, zaman həmişə olduğu kimi yenə Azərbaycanın xeyrinə işləyir. Son günlər erməni dairələri kommunikasiyaların açılması mövzusundan danışarkən tez-tez “Ermənistan kəsişməsi” ifadəsini işlədirlər. Ermənilərin ortaya atdığı bu layihə böyük ehtimalla növbəti manipulyasiya ola bilər. İrəvan özünü hər nə qədər konstruktiv göstərməyə çalışsa da, sözü ilə əməli ziddiyyət təşkil edir. Adını nə qoyurlar qoysunlar, əgər ortada real nəticə, səmimiyyət və dürüstlük yoxdursa, Ermənistan rəhbərliyi heç bir halda uğur əldə edə bilməyəcək”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin “Şimal-Cənub” layihəsini yenidən formalaşdıraraq Şimal-Cənub-Şərq-Qərb proqramına çevirdiyini bildirib. Onların qənaətincə, nəticədə “Erməni qovşağı” ( “erməni kəsişməsi”-red) Ermənistanı İran və Azərbaycan, eləcə də Naxçıvan və Türkiyə ilə birləşdirəcək.
“Erməni yol ayrıcı” konsepsiyası nəzərdə tutur ki, nəqliyyat blokunun açılmasından sonra respublika Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində bir halqaya çevriləcək. Onların qənaəti belədir ki, “Erməni qovşağı” həm İranın Aİİ-yə inteqrasiyası baxımından, həm də Çinin “Bir kəmər – bir yol” layihəsində mühüm rol oynaya bilər. Təbiidir ki, Ermənistan reallıqdan uzaq olan bu terminləri Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərdən yayınmaq üçün ortaya atır.
Məhəmmədəli QƏRİBLİ