Aprelin 13-də Ermənistan parlamentinin iclasında “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan bəyan edib ki, Ermənistan iqtisadiyyatının ən böyük sahələrindən biri – süd sənayesi Rusiya Federasiyasına məhsul ixrac etmək imkanını itirərək ciddi problemlə üzləşib.
O, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyandan problemin nə vaxt həll olunacağını soruşub. Kerobyanın cavabı belə olub:
“Bizim qiymətləndirməmizə görə, bu, Aİİ ticarətinə maneədir. Yəni Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin (Rosselxoznadzor) aprelin 5-dən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına qadağa qoyması Aİİ-də ticarət qaydalarına ziddir və biz indi bunu müzakirə edirik. Bundan əlavə, Aİİ-nin standart proseslərinə müraciət etmədən bu problemi mümkün qədər tez necə həll edə biləcəyimizi anlamaq üçün danışıqlar da aparılır”.
Kerobyanın sözlərinə görə, o, problemin həlli üçün konkret terminlər sadalaya bilmir, onlar bunu mümkün qədər tez həll etməyə çalışacaqlar.
Göründüyü kimi, Rusiya ilə Ermənistan arasında olan ziddiyyət özünü siyasi ilə yanaşı, iqtisadi sahələrdə də göstərmiş olur. Tərəflər arasında yaranan süd qalmaqalının arxasında hansı amillər durur?
İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandan Rusiyaya süd məhsullarının ixracına qadağa aprelin 5-dən qüvvəyə minib: “Həmin ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyindən bildirilib ki, bu istiqamətdə Ermənistan və Rusiya tərəfləri arasında danışıqlar davam edir. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistanın baytarlıq xidmətinə 5 apreldən etibarən Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması ilə bağlı müraciət edib. Buna səbəb kimi o göstərilib ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İran xammalından istifadə edirlər.
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan isə öz növbəsində bu məsələyə münasibət bildirərək, Ermənistanda istehsal olunan süd məhsullarında İran xammalından istifadə olunduğunu təsdiqləyib.
Həmçinin o da əlavə olunub ki, Rusiyaya süd məhsullarının ixracına qoyulan qadağaya görə Ermənistan milyonlarla dollar zərər çəkə bilər.
“Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir ki, Ermənistanda süd emalı müəssisələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti yoxdur və keyfiyyətsiz və təhlükəli məhsulların ixracı insanların həyatı üçün risq yaradır.
Rusiya Federasiyası bundan əvvəl də bir neçə dəfə Ermənistan hökumətinə südün tərkibində qatışıqlar olması barədə xəbərdarlıqlar edib. 2 ildir ki “Rosselxoznadzor” erməni şirkətlərini İrandan idxal olunan xammaldan istifadəni dayandırmağa çağırır, lakin heç bir tədbir görülmür. Bu azmış kimi, Ermənistanın süd emalı müəssisələri İran xammalını Ermənistan brendi ilə Rusiya Federasiyasına ixrac edir. RF artıq vəziyyətin dözülməz olmasını nəzərə alaraq idxala tam qadağa qoyub.
Ermənistanın Qida Müfəttişliyi, bununla belə, erməni süd zavodlarının istehsal və emal zəncirinin qanunvericilik bazasına uyğun olduğunda israr edərək, Rusiya tərəfinin narazılıqlarının anlaşılmaz olduğunu bildirir. Onlar deyir ki, Ermənistanın öz bazarında da eyni xammaldan hazırlanmış süd məhsulları satılır. Erməni rəsmiləri deyir ki, Rusiyanın mesajında bəzi anlaşılmazlıqlar da var, məhsulun keyfiyyəti ilə bağlı şübhələr varsa, konkret olaraq əvvəlcədən xəbərdarlıq edilməli, hansı şirkətin məhsulu olması aydınlaşdırılmalı və Ermənistan buna uyğun addım atmalıdır. Ancaq Rusiya ümumi şəkildə Ermənistanın bütün süd emalı müəssisələrini nəzərdə tutur”.
Ekspertin sözlərinə görə, Rusiya tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Ermənistan qarşısında qoyduğu tələblər çox ciddidir və süd məhsullarının tədarükünün bərpası məhz həmin tələblərin yerinə yetirilib-yetirilməməsindən sonra bəlli olacaq: “Ermənistanın Qida Müfəttişliyi rəsmisinin fikirlərindən belə qənaət yaranır ki, müəssisələr İran xammalından asılı olduğundan, xammalın dayandırılması zavodların işinə təsir edə bilər. Belə olan halda Ermənistan ya Rusiyanın tələb etdiyi normalara uyğun məhsul hazırlamaq üçün başqa xammal bazarları axtarmalı, ya da İrana güvənərək Rusiyaya ixracdan imtina etməlidir”.
Məhəmmədəli QƏRİBLİ