“Bizim enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir".
Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edərkən bu barədə bildirib.
Dövlət başçısı Azərbaycanın artıq on ildən çoxdur qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulayıb. Ölkə başçısı qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır: “Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə, müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik .Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq. Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bugünədək, yəni il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq. Son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub”.
“Ölkə başçısının həyata keçirdiyi uğurlu enerji strategiyası Avropanın enerji xəritəsini dəyişir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, Prezident İlham Əliyevin timsalında Azərbaycan çox cəsarətli addımlar atır: “Ölkə bağşçısının həyata keçirdiyi uğurlu enerji strategiyası Avropanın enerji xəritəsini dəyişir. Bunu şərtləndirən başlıca faktorlardan biri də Azərbaycanın etibarlı tərəfdaş olmasıdır. Bu səbəbdən Cənubi və Şərqi Avropa ölkələrinin qaza olan tələbatının Azərbaycan hesabına təmin olunması reallığa çevrilir. Artıq iyulun 1-dən Bolqarıstan Azərbaycan qazını idxal edir. Bolqarıstan ilkin mərhələdə 1 milyard kubmetr qaz almaq istəyir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru, digər layihə olan İonik-Adriatik boru kəməri tam hazır olandan sonra Balkan ölkələrinə qaz ixracımız daha da atracaq. O cümlədən, İtaliyaya qaz ixracımız artacaq”.
Bir sözlə, ekspert hesab edir ki, Azərbaycanın sözügedən məsələdə önəmi artacaq.
Vidadi ORDAHALLI