Məlum olduğu kimi, avqustun 31-də Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə substantiv işi aktivləşdirmək barədə razılığa gəliblər. Hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə İlham Əliyevlə görüşünün yekunlarını şərh edərkən bir sıra məqamlara toxunub.
Paşinyanın fikrincə, Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və onun həyata keçirilməsi üçün qətiyyət lazımdır: “Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşdüm. Biz görüşdən sonra müzakirə olunan mövzuların və qəbul edilən qərarların qeyd olunduğu press-reliz yaydıq. Bunlar işlək qərarlardır. Aydındır ki, geniş, çətin müzakirələr aparılıb, amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz, çıxışlarımda da qeyd etdiyim kimi, davam edir və belə də olmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Hesab edirəm ki, regionumuzda mümkün qədər tez uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması vacibdir. Biz getdikcə daha çox bu məsələnin həllinə diqqət ayırmalıyıq. Biz başa düşməliyik ki, bu asan deyil, mümkün həll yolları zahirdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun”.
Maraqlıdır, Paşinyanın “sülhü qəbul etmək üçün qətiyyət lazımdır” ifadəsi nə deməkdir?
“Reallıq ondan ibarətdir ki, bu gün Ermənistanın siyasi gündəmini Azərbaycan dövləti diqtə edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Paşinyanın belə müsbət məzmunlu mesajlar verməsini bir sıra amillərlə əlaqələndirdi: “Paşinyanın “sülhü qəbul etmək üçün qətiyyət lazımdır” ifadəsi Ermənistanda bir çox dövlətlərdən asılı olan ayrı-ayrı siyasi qüvvələrə edilən növbəti siyasi çağırışdır. Əslində mövcud durum belədir ki, Paşinyan real vəziyyəti qəbul edir. Götürdüyü öhdəliklərin təmin olunmasının qaçılmazlığını dərk edir. Ancaq bir çox dövlətlərin əlində oyuncağa çevrilən "anti Paşinyançı" siyasi qüvvələr mövcud vəziyyəti bir az da uzatmağa cəhd göstərirlər. Onları idarə edən qüvvələr, guya vəziyyətin dəyişəcəyinə ümid edirlər. Lakin bu mümkün olan iş deyil. Reallıq ondan ibarətdir ki, bu gün Ermənistanın siyasi gündəmini Azərbaycan dövləti diqtə edir. Çünki Azərbaycan dövləti nəinki Cənubi Qafqazda, eyni zamanda dünyada böyük nüfuza malik olan dövlətlər sırasındadır. Azərbaycan dövləti çox aydın şəkildə Cənubi Qafqazın əminamanlıq arxitekturasının ilk müəllifidir. Bölgədə Azərbaycanın razılığı olmadan hər hansısa bir meqa layihə həyata keçirilə bilməz. Eyni zamanda, həm 44 günlük Vətən savaşı dövründə, həm də savaşdan sonrakı illərdə Azərbaycan Ordusunun hansı gücə malik olduğunu bütün dünya dövlətləri gördü. Ona görə də Paşinyan vəziyyətlə barışlb, qalır beyni yuyulmuş erməni millətçilərinin reallığı dərk etməsi. Düşünürəm ki, bu amil sülh prosesini uzada bilər. Ancaq istənilən halda Azərbaycan qarşısına qoyduğu hədəflərə addım-addım yaxınlaşır”.
Sədr müavini onu da əlavə etdi ki, ermənilər sülhə nə qədər tez razılaşsalar, bu bir o qədər onların xeyrinə olacaq.
Vidadi ORDAHALLI