Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan ABŞ-ın İrəvandakı səfirliyinin müvəqqəti işlər vəkili, səfirin müavini Çip Leytinen və səfirliyin hərbi attaşesini qəbul edib. Ermənistan mətbuatı xəbər verir ki, Çip Leytinen Edvard Asryanı Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Erməni general amerikalı diplomatların xahişi ilə Ermənistan-Azərbaycan sərhəd zonasında, Laçın dəhlizində və Xankəndidəki əməliyyat vəziyyəti və son hadisələri onların diqqətinə çatdırıb.
Maraqlıdır ki, bu görüş Laçın dəhlizi bağlanan günə təsadüf edib. ABŞ bununla hansı mesajı vermək istəyir?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ nəyin bahasına olursa-olsun, Azərbaycanla Ermənistan arasında cərəyan edən prosesləri öz nəzarətində saxlamaq istəyir: “Rusiya, Türkiyə, Avropa Birliyi ilə bu məsələdəki rəqabətdə geridə qalmaq istəmir. Ermənistandakı ABŞ səfirliyinin fəallığı təsadüfi deyil. Dünya ölkələri arasında İraqdan sonra ən böyük səfirlik missiyasını ABŞ məhz Ermənistanda saxlayır. ABŞ tez-tez çalışacaq ki, Azərbaycan-Ermənistan münasibətlərinə təsir etsin. Bu görüşü də məhz bu məqamla əlaqələndirirəm. Eks Laçın dəhlizinin bağlanması çox böyük hadisədir. 30 il davam edən prpblemin əsas hissəsini Azərbaycan özü həll edib. ABŞ yeni yolun ermənilər üçün əhəmiyyətinin əvvəlki qədər olmayacağını anlayır. Onlar Paşinyan iqtidarı vasitəsilə proseslərə təsir etməyi düşünürlər. Ermənistan isə böyük güclər arasında manevrlər edir. ABŞ bu addımı ilə Ermənistanın əsl sahibi olduğu görüntüsünü yaradır. ABŞ və Ermənistan arasındakı yaxınlaşmalar və manevrlər Rusiyanı qıcıqlandıracaq ki, bu da bizə lazımdır. Lacın dəhlizi artıq tarixdi. Kiminlə müzakirə etsələr də geri qayıtmayacaq”.
Məhəmmədəli QƏRİBLİ