Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəfli işçi qrupu avqustun 30-da Moskvada keçirilən görüşdə regionda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsində mühüm irəliləyiş əldə edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, üçtərəfli işçi qrupu ritmik işləyir, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələlərini həll edir: “Son günlər qrup razılaşmaların əldə edilməsində əhəmiyyətli irəliləyiş əldə edib, ümid edirik ki, onlar yaxın vaxtlarda rəsmiləşəcək”.
Bununla belə, Lavrov mətbuat konfransında yeni razılaşmaların olacağı anonsunu verdi: “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrup məşğul olur. Ən yaxın vaxtda razılaşmalar olacaq. Rusiya tərəflər arasında sıx əlaqədədir”.
Ancaq Lavrov razılaşmaların konkret nədən ibarət olacağı haqda ətraflı məlumat verməyib.
Maraqlıdır, Lavrov nəyə eyham vurur?
“Ola bilsin ki, nəqliyyat xətləri ilə bağlı 3+3 formatı çərçivəsində ortaq razılıq əldə olunsun”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikruncə, Lavrovun belə danışması bir sıra məqamlardan xəbər verir: “Məsələ ondadır ki, Qərblə artan qarşıdurma səbəbindən Rusiyanın o istiqamətdə gediş-gəlişinə məhdudiyyət qoyulub. Hazırda Rusiya üçün prioritet məsələ Azərbaycandan keçən Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşmasını sürətləndirməkdir. Bununla bağlı İrana yardımlarını təklif edir. O da məlumdur ki, İran Zəngəzur dəhlizinə qarşıdır. Burada həm siyasi, həm də iqtisadi səbəblər var. İranda belə qorxu var ki, dəhliz açılsa, bu ölkənin Ermənistanla sərhədi guya bağlanacaq. Halbuki, bu tamamilə yanlış fikirdir. Ən azından ona görə ki, onsuz da Ermənistan-İran sərhədini Rusiya sərhədçiləri qoruyur. Zəngəzur dəhlizi işə düşəndən sonra da onun təhlükəsizliyinə Federal Təhlükəsizlik Xidməti baxacaq. İranın narahatlığı dəhliz sayəsində Azərbaycanın artan tranzit rolundandır. Məsələnin iqtisadi tərəfinə gəldikdə isə, hər il Türkiyədən 200-250 min avtomobil İran üzərindən Orta Asiyaya daşımalar həyata keçirir. İranın qorxusu odur ki, həmin daşımalar Zəngəzyr üzərindən həyata keçiriləcək. Lavrovun eyhamı onu deməyə əsas verir ki, Rusiya rəhbərliyi İranı və Ermənistanı yola gətirəcəyinə əmindir. Ona görə o, belə əminliklə danışır. Ola bilsin ki, nəqliyyat xətləri ilə bağlı 3+3 formatı çərçivəsində ortaq razılıq əldə olunsun. Hər halda, yaxın aylarda bütün bunlara aydınlıq gələcək”.
Vidadi ORDAHALLI