Məlum olduğu kimi, tamamilə Azərbaycanın nəzarətinə keçən Laçın dəhlizi tarixə qovuşur. Laçın şəhərinə daxil olmadan çəkilən yeni avtomobil yolunun istifadəyə verilməsi ölkəmizə bir çox üstünlüklər qazandıracaq.
Başlıca üstünlük ondan ibatət olacaq ki, köhnə yoldan Ermənistana məxsus avtomobillərin və Rusiya sülhməramlılarına aid texnikaların hərəkətinə icazə verilməyəcək. Üstəlik, Ermənistandan Xankəndiyə gedən bütün kommunikasiya xətləri də ölkəmizin nəzarətinə keçəcək. Söhbət Ermənistandan Xankəndiyə gedən elektrik, qaz və internet xəttlərindən gedir. Bu amil separatçıların Azərbaycandan asılılığına təkan verəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan Laçın şəhərinə nəzarəti tezləşdirmək üçün yeni alternativ yol çəkdi. Oradan keçən kommunikasiya xətlərinin yeni yola köçürülməsi ilə bağlı hansısa addım atılmadı. Bu tamamilə düzgün addım idi.
Digər başlıca maraqlı məqam odur ki, sülhməramlılar əvvəlki Laçın dəhlizundə yerləşərkən bu rayonun hardasa 150 kvadrat kilometrinə nəzarət edirdilər. Yeni yola nəzarət bərpa ediləndən sonra bu, hardasa 3 dəfə azalacaq. Yəni Laçın rayonunun 45 kvadrat kilometrinə nəzarət edəcəklər. Yeni yolun ümumi uzunluğu 32 kilometrdir. Azərbaycan ərazisinə düşən yolun 22 kilometrinin 9 kilometri Laçın rayonundan keçəcək, 13 kilometr isə sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağ ərazisinə düşəcək.
“Bütün bunlar Azərbaycanın Qarabağın digər hissəsinə nəzarətini bərpa etməsi üçün zəmin yaradacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Laçın şəhəri və köhnə yolun Azərbaycanın nəzarətinə keçməsinin həm hərbi-strateji, həm də siyasi baxımdan əhəmiyyəti böyükdür: “Əvvəla, Laçın rayonu çox mühüm strateji əhəmiyyətə malikdir. Bu rayon Qarabağla Ermənistan arasında yerləşir. Laçın şəhəri isə əvvəlki yolun düz üstündə yerləşirdi. Bu səbəbdən rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsi 2 il çəkdi. Çünki alternativ yolun çəkilməsi vaxt tələb edirdi. Əvvəlki yol indikinə baxanda məsafəcə qısa idi. Xankəndidən ermənilər bunun sayəsində Ermənistana daha tez gedib-gəlirdilər. Laçından çəkilən alternativ yolda isə belə üstünlüklər olmayacaq. Ona görə ki, məsafə baxımdan daha uzundur. Başqa bir vacib məqam ondan ibarətdir ki, yeni yol işə düşəndən sonra bizim Laçına gediş-gəlişimiz maneəsiz olacaq. Çünki əvvəl elə idi ki, Qubadlı istiqamətindən Laçına getmək üçün Rusiya sülhməramlılarının yoxlaması və nəzarəti tələb olunurdu. Bu isə həm diskomfort yaradırdı, həm də vaxtın uzanmasına gətrib çıxarırdı. Artıq bundan sonra belə olmayacaq. Həkəri çayı istiqamətində çəkilən körpünün altından bizim maşınlar yoxlamasız Laçına gedib-gələcək. Körpünün üstündən isə ermənilər istifadə edəcək. Çünki həmin körpü yeni Laçın yolunun davamıdır. Ən nəhayət, sülhməramlıların nəzarət etdiyi ərazinin miqyasının azalması mühüm əhəmiyyət kəsb edir”.
Hərbi ekspert hesab edir ki, bütün bunlar Azərbaycanın Qarabağın digər hissəsinə nəzarətini bərpa etməsi üçün zəmin yaradacaq.
Vidadi ORDAHALLI