Rusiya Milli Respublika Ordusu Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Bu barədə özünün Youtube kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib: “Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Milli Respublika Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq. MRA mənə öz manifestlərini oxumaq üçün vəkalət verib” - deyə sabiq deputat vurğulayıb. Daha sonra Ponomaryev Bəyanatı oxuyub. Sənəddə deyilir ki, Respublika Ordsunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.
MRA bəyan edib ki, Putin məhv ediləcək. Qurum öz hədəfləri sırasında Rusiyanın hökümət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb:
“Biz prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik” - deyə bəyanatda deyilir. MRA mülki obyektlərə hucum etməyəcəyini vəd edib. Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.
Qeyd edək ki, “rus dünyası” ideyasının rəhbəri, filosof Duqinin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Duqina həlak olub.
Bu terror hadisəsilə bağlı müxtəlif versiyalar səslənir. Bəziləri hesab edir ki, baş verən hadisədə Rusiyaya qarşı olan ölkələrin barmağı ola bilər. Bunun əksini düşünənlər isə iddia edir ki, bu hadisənin Rusiyanın xüsusi xidmət orqanlarının özü təşkil edib. Məqsəd də budur ki, hadisədən istifadə edib, ölkə daxilində və Ukrayna ilə bağlı proseslərdə daha radikal addımlar atsınlar.
Maraqlıdır, bu siyasi terror hadisəsi Rusiyanın və ya Qərbin işinə daha çox yarıyacaq?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyada Dariya Duqinanın öldürülməsi bir neçə versiyanı ortaya qoydu: “Ən əsası isə qeyd edildi ki, Rusiya Ukraynada yeni və qəddar fazaya başlamaq üçün özü bu qəsdi törədib. İkinci çeçen müharibəsi zamanı həmin millətə qarşı Rusiyada qəzəb dalğasını şiddətləndirmək və onları bütün dünyaya terrorçu kimi təqdim etmək üçün Moskva və digər şəhərlərdə yaşayış binalarının partladılması baş tutdu. Belə ehtimallar irəli sürüldü ki, bunu Rusiyanın xüsusi xidmət orqanlarının özləri törədib. Bundan sonra Rusiya ən qəddar üsullarla çeçenlərə qarşı müharibə apardı və onları məğlubiyyətə uğartdı. Aydındır ki, Uklraynada yeni fazanın başlanması məqamı artıq yetişib. Son bir ayda Rusiya cəmi 12 kliometr irəliləyə bilib. Bu da böyük itkilər bahasına olub. Ukrayna uzun müddətdir elan etdiyi əks-hücuma başlaya bilmir. Güman edilir ki, sentyabr ayında çox şiddətli faza başlayacaq. Rusiyanın həmin vaxt daha qəddar olacağına heç kimdə şübhə yoxdur. Hesab edirəm ki, Rusiya bu terror aktından geniş mənada öz xeyiri üçün istifadə edəcək. Artıq bu terroru bir təşkilat üzərinə götürüb. Onda səslənən ilk versiya bir qədər arxa plana keçmiş olur. Bəaynatı Rusiyanın tanınmış müxalif lideri Panamaryov səsləndiribsə, deməli, məqsəd müharibəni Rusiyanın daxilinə transfer etməkdir. Bundan sonra bənzər terror aktlarının sayının artacağı ehtimalı çoxdur. Güman edirəm ki, bud a müharibənin daha qədar formaya keçməsi ilə nəticələnəcək. Rusiya arsenalında olan müasir raketləri dövriyyəyə buraxacaq və dinc əhaliyə qarşı qəddarlıq olacaq. Hədəf kimi Kiyev şəhəri də seçiləcək. Hələ ki, hər iki tərəf geri çəkilmək istəmir. Payız döyüşlərindən sonra sülh danışıqlarına yol açıla bilər”.
Məhəmmədəli QƏRİBLİ