Ermənistan, nəhayət ki, Laçından yan keçən yolla bağlı işə başladı. Belə ki, Ermənistan Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssislərini işə cəlb edib.
Söhbət Ermənistan ərazisində yerləşən Tex və Kornidzor kəndlərindən keçəcək yoldan gedir. Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyindən bildirilib ki, ermənilər Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqust ayında başlayacaq. Halbuki, son vaxtlara qədər Ermənistan prosesi yubadırdı.
Baxmayaraq ki, yolun Laçın rayonuna düşən hissəsinin tikintisi başa çatmaq üzrədir. Türkiyə və Azərbaycan inşaatçıları artıq Azərbaycan ərazisindəki işləri yekunlaşdırır, Ermənistan tərəfi isə hələ indi layihə işlərinə başlayır. Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 m) metr təşkil edir. Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
Belə görünür ki, Ermənistan tərəfi geri addım atmağa məcbur oldu. Əks təqdirdə daha ciddi siyasi-hərbi təzyiqlərlə üzləşməli olardılar.
“O zaman Ermənistan üçün bu baha başa gələcəkdi”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli Ermənistanın Laçından keçən yolla bağlı işlərə başlamasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Laçın şəhərindən yan keçən yolun çəkilməsi 10 noyabr 2020-ci il razılaşmasında öz əksini tapıb. Orada göstərilir ki, 3 il ərzində yeni yol hazır olmalıdır. Azərbaycan bunun göstərilən vaxtdan da tez olacağını gördüyü işlərlə sübut etdi. Noyabrda razılaşmanın 2 ili tamam olur. Bu o deməkdir ki, 3 ilin tamam olmasını gözləməyə ehtiyac yoxdur. Ermənistan ərazisində yerləşən Tex və Kornidzor kəndlərindən keçəcək yeni yol 8 kilometrdir. Bu, elə də böyük məsafə deyil. Azərbaycan bütün imkanlarını səfərbər edərək çətin dağlıq ərazidən keçən hissədən 32 kilometrlik yolu inşa etdi. Ermənistan tərəfi vaxtında işə başlasaydı, Kornidzor kəndindən keçəcək yol indi hazır idi. Görək bundan sonra işlərin sürəti necə olacaq. Bütün hallarda, Ermənistan öz ərazisində yeni yolun çəklişinə başlamasaydı, Azərbaycan hərbi-siyasi təzyiqləri işə salardı. O zaman qarşı tərəf üçün bu, baha başa gələcəkdi. Fikrimcə, Ermənistan bu səbəbdən gərəkən addımları atmağa məcbur olub”.
Vidadi ORDAHALLI