Azərbaycanda söz azadlığı yüksək səviyyədə təmin olunur və mətbuatın informasiya əldə etmək, eləcə də ictimaiyyəti zəruri məlumatlarla təmin etmək sərbəstliyi var. Ölkədə fəaliyyət göstərən media orqanlarının sayı da belə deməyə əsas verir. Lakin bəzi şəxslər dövlət tərəfindən verilmiş fəaliyyət azadlığından sui-istifadə edərək, informasiya şantajlarına əl atır, reketçiliklə məşğul olurlar. Əlbəttə, jurnalist peşəsinə kölgə salmağa cəhd edən belə şəxslərlə mübarizə aparılır. Reket jurnalistikaya qarşı ölkəmizdə lazımi işlər görülür.
Baş prokuror Kamran Əliyev REAL TV-yə müsahibəsində qeyd edib ki, reket jurnalistikası cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayan insanlara rast gəlinir. Onlar bu yolla ictimai şüuru səhv istiqamətə yönəltməklə yanaşı, həm də jurnalistikanın cəmiyyətdəki nüfuzuna zərbə vururlar. Baş Prokurorluq son günlər belə neqativ hallara qarşı uğurlu mübarizə aparır. Beləliklə, tarixi ənənələrə malik peşəkar mətbuata olan etimadın azalmasının qarşısı alınır.
Onu da qeyd edək ki, son illər peşəkar jurnalistika ilə məşğul olanlar jurnalist fəaliyyətinə kölgə salanlara qarşı mübarizə aparır.
“Hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər, bu məsuliyyət dərk edilsə …”
Millət vəkili, əməkdar jurnalist Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanda media sahəsində çox ciddi işlər görülüb: “Ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən mediada aparılan islahatlar çox dərindir. Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür və informasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir. Bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı Azərbaycan cəmiyyəti üçün prioritetdir. Bu azadlıqların çox ciddi konstitusion əsasları var. Eyni zamanda hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən hər bir şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. Bu məsuliyyəti dərk etsək, “reket jurnalistika”nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik”.
Günel CƏLİLOVA