Tanınmış erməni jurnalist və bloger Roman Baqdasaryan teleqram kanalında erməni diasporu və kilsəsinə qarşı ittihamlarla çıxış edib. Baqdasaryan 44 günlük müharibə zamanı erməni diasporu və kilsəsinin kriminal aləmlə əlbir çalışdıqlarını qeyd edib:
“44 günlük müharibə zamanı erməni diasporu və kilsəsi kriminal avtoritetlərlə əlbir olaraq Qarabağı amansızcasına talan edirdi. Son 34 il ərzində uşaqlarımızın ölümündə erməni icmalarının və diaspor təşkilatlarının başçıları da günahkardır. Çünki Qarabağda müharibə gedəndə onlar o torpaqları talan etməklə milyonlar qazandılar. Rusiyanın erməni icmalarının və təşkilatlarının heç bir rəhbəri öz oğullarını Qarabağda döyüşmək üçün göndərməyib. Onlar ancaq nağıllar danışırdı. Bu diaspor və kilsə 99%-i toplanmış milyardların hara sərf edildiyi barədə heç bir hesabat təqdim etməyib”.
Erməni jurnalistin bu açıqlaması hansı anlama gələ bilər?
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında fikir ayrılıqları dərinləşir: “2018-ci ildən bu yana həm erməni kilsəsi, həm də erməni diasporu ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir sıra ziddiyyətlər, konfrontasiyalar müşahidə olunub. Bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram məlumat vermişdi. Erməni gəncləri artıq öz talelərini Ermənistanla, erməniçiliklə bağlamaq istəmirlər. Artıq bu vəziyyət erməni kilsəsini narahat etməyə başlayıb. 30 il ərzində erməni gəncliyi onlara sırınan tarixdən, miflərdən kənara çıxaraq reallıqla barışmaqdadır. Kilsəni narahat edən həm də budur. Paşinyanın iqtidara gəlməsindən sonrakı proseslə diaspora ilə Ermənistan arasında problemlər daha da dərinləşib. Bu vəziyyət gələcəkdə daha da gərginləşəcək. Erməni lobbisinin fəaliyyətinin əsas qayəsi saxta ”erməni soyqırımı"nın təbliğ edilməsi və bu xüsusda ianələrin toplanması, terror təşkilatlarının maliyyələşdirilməsi, bir çox siyasi rəsmilərin ələ alınması, Ermənistan hakimiyyətini təsir altında saxlamaqdır. Nikol Paşinyanın lobbiyə tabesizlik göstərməsi, onların fəaliyyətinin bir sıra istiqamətlərini müdafiə eləməməsi problemləri dərinləşdirir. Paşinyan Türkiyə ilə Ermənistanın münasibətlərinin qurulmasını istəyir. Diaspora, lobbi isə buna qarşıdır. Ermənistan-Türkiyə əlaqələri dərinləşsə, Ermənistanla erməni diasporu arasında uçurum bir qədər da artacaq. Diasporun zəifləməsi və İrəvanla problemləri Ermənistana maliyyə axınının azalmasına gətirib çıxara bilər. Diaspor Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması qərarına da gələ bilər. Ancaq buna nail olmaları indiki vəziyyətdə mümkün deyil. Buna görə də, Ermənistanın daxili ictimai rəyində diaspor və kilsəni ifşa edən belə fikirlərin açıq ifadə olunması faktı ortadadır. Biz erməni kilsəsi və diasporunun vəhşiliyindən xəbərdarıq. Bunun ermənilərin özü tərəfindən ifadə edilməsi onların əsl simasını bir daha ifşa etmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ