ABŞ Qarabağa görə Ermənistana vəsait ayırdı. Belə ki, Birləşmiş Ştatlar demokratikləşməyə və iqtisadi sabitliyə yönələn islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant verəcək.
Bu barədə Ermənistan hökumətinin açıqlamasında bildirilib. Məlumatda deyilir ki, ümumilikdə ölkədə demokratiyanın inkişafına 68,556 milyon dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılmasına isə 51,435 milyon dollar ayrılıb.
Layihənin əsaslandırılmasında deyilir ki, Vaşinqton bu addımı ilə “səmərəli və hesabatlı idarəetmənin qurulmasında, demokratik nailiyyətlərin qorunub saxlanılmasında və iqtisadi problemlərin aradan qaldırılmasında” rəsmi İrəvana yardım edir. Həmçinin pandemiya və Qarabağ müharibəsi ilə bağlı Ermənistana dəstək verməyi öhdəsinə götürür. Sənəddə deyilir ki, ayrılan vəsait Ermənistanda ədalətli və şəffaf növbədənkənar parlament seçkiləri keçirməyə imkan verəcək.
ABŞ Qarabağla bağlı bunu da etdi. Məsələ ondadır ki, uzun illər ABŞ Qarabağdakı erməni separatçılarına humanitar məqsədlər adı altında ayrıca yardım edib. Halbuki, postsovet məkanında Qarabağdan başqa digər separatçı bölgələr olub. Ancaq ABŞ Qarabağ separatçılarına göstərdiyi bu “diqqəti” Abxaziya, Dnestryanı separatçılara göstərməyib. Bütün bunlar azmış kimi, indi də Qarabağ müharibəsinə görə Ermənistana qrant yardımı ayırmaq hansı məntiqə əsaslanır?
“Ermənistan kimi terror dövlətinə böyük həcmdə qrant yardımı ayırmaq işğalçı tərəfi dirçəltmək anlamına gəlir”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Qarabağ müharibəsinə görə Ermənistana ayrıca yardım etmək tamamilə məntiqsiz və ədalətsiz bir qərardır: “Əvvəla, 120 milyon dollar Ermənistan kimi əhalisi az, iqtisadi göstəriciləri aşağı olan ölkə üçün böyük rəqəmdir. Zatən Ermənistan müstəqilliyini əldə edəndən bəri Birləşmiş Ştatlar dövlət səviyyəsində Ermənistana yardımı əsirgəməyib. 90-cı illərdə Azərbaycana qarşı 907-ci Düzəlişi qəbul edib yeni müstəqilliyini əldə edən ölkəmizi yardımdan məhrum etdilər, işğalçı Ermənistana isə hər il milyonlarla dollar vəsait ayırdılar. Qarabağdakı separatçılara da ayrıca yardım tranşı açıldı. Deməyim odur ki, Birləşmiş Ştatların bu tip ədalətsiz qərarları, prinsipcə, bizim üçün yeni deyil. Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycanın 7 rayonundakı bütün yaşayış məntəqələrini məhv edib. Daşı daş üstündə qoymayıblar. 44 günlük Vətən müharibəsi dövründə isə cəbhəyanı rayonlarda kənd və şəhərləri atəşə tutaraq ciddi dağıntılar törədiblər. Nədənsə, bütün bunlara görə bizə dəyən ziyan ABŞ-ın yadına düşmür. O zaman sual olunur: 44 günlük müharibədə Ermənistanın hansı dinc yaşayış məntəqəsi dağılıb? Bu baxımdan hesab edirəm ki, ABŞ-ın Ermənistana Qarabağ müharibəsinə görə yardım etməsi növbəti ədalətsizliyin göstəricisidir. Bu həm də Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Ermənistan kimi terror dövlətinə böyük həcmdə qrant yardımı ayırmaq işğalçı tərəfi dirçəltmək anlamına gəlir”.
Bir sözlə, Vüqar Rəhimzadə hesab edir ki, ABŞ-ın qərarı yanlışdır və buna etiraz edilməlidir.
Vidadi ORDAHALLI