Çexiyada işgüzar səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir sıra görüşlər keçirib. Görüşlərdə Mirzoyan əsas fəaliyyətini Azərbaycana qarşı qarayaxmalar üzərində qurub. Çexiya rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Bütün vasitələrlə Azərbaycan barəsində “işğalçı” obrazı yaratmağa çalışıb.
Mirzoyan iddia edib ki, 44 günlük müharibə ermənilər üçün humanitar problemlər yaradıb və bu, hələ də qalmaqdadır. Diversantları “hərbi əsir” kimi təqdim edərək onların azad olunmasından, Qarabağda “erməni irsi”nin “vandalizmlə” üzləşməsindən danışıb. Eyni zamanda ümumbəşəri dəyərlərin tərkib hissəsi olan “erməni abidələri”nin qorunub-saxlanmasının vacibliyini vurğulayıb. İddia edib ki, guya Azərbaycanın nəzarətinə keçən ərazilərdə “erməni irsi”nə aid abidələrin vandalizmə məruz qalması davam edir və bu səbəbdən Çexiyadan imdad diləyib. Mirzoyan xüsusilə vurğulayıb ki, güc tətbiqi nəticəsində formalaşan reallıqlar sülh üçün möhkəm zəmin yarada bilməz.
Maraqlıdır, Mirzoyanın hərbi əsir və digər yalanları indiki halda Avropa siyasətçilərinin diqqətini çəkə bilərmi?
“Sadəcə. ermənilər yalanla, böhtanla nəfəs aldıqları üçün beynəlxalq aləmə səs-küy salmaqla diqqət çəkirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu istisna etdi: “Erməni diplomatı Ararat Mirzoyanın Çexiya rəsmiləri ilə görüşlərində Azərbaycana qarşı səsləndirdiyi böhtanlar növbəti erməni siyasi həyasızlığının davamıdır. Fransız sərkərdəsi Napoleonun təbirincə desək: “Coğrafiya taledir”. Bu coğrafiyada böhtan və yalanlarla yaşayan erməni toplumu ilə "qonşu" olmaq məcburiyyətindəyik. Bütün bəşəriyyətin gözü qarşısında soyqırımı törədən, işğalçı siyasəti yeridən ermənilər Azərbaycana qarşı böhtanlar da yağdırmaqdan utanmırlar. Əlində silah Azərbaycanın ərazisində dinc insanlarımızı qətlə yetirən diversantları necə “hərbi əsir” adlandırmaq olar? Bunu yalnız erməni həyasızlığı edə bilər. Ermənilərin Azərbaycanın ərazilərini işğal etdiyi 28 il ərzində bir dənə də olsun maddi mədəniyyət abidəsi qalmayıb. Erməni vandalları bu abidələri tamamilə darmadağın edib. Dağıdılan maddi mədəniyyət abidələrimizi torpaqlarımız işğaldan azad olunduqdan sonra buraya səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri öz gözləri ilə görürlər. Bu səfərlər zamanı erməni yalanlarını dünya ictimaiyyətinə sübut etməyə ehtiyac qalmır. Azərbaycan dövləti Ermənistan işğalçı qüvvələrinin bu cinayətlərini beynəlxalq məhkəmələrə verməkdə israrlı olmalıdır. Düşünürəm ki, belə də olacaq. Bütün dünya bilir ki, Azərbaycanda ermənilərin "hərbi əsirləri" yoxdur. Sadəcə, ermənilər yalanla, böhtanla nəfəs aldıqları üçün beynəlxalq aləmə səs-küy salmaqla diqqət çəkirlər. Artıq dünya bu yalanlara inanmır”.
Bu baxımdan sədr müavini hesab edir ki, Mirzoyan şou göstərməklə Avropa siyasətçilərinin diqqətini cəlb edə bilməyəcək.
Vidadi ORDAHALLI