Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mediaya müsahibəsində bəyan edib ki, Azərbaycan “D-8”ə (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciət ünvanlayıb: “D-8 (“İslam səkkizliyi”) təşkilatı 25 il əvvəl təsis edilib. Təşkilat mərhum Nəcməddin Ərbakanın təşəbbüsü ilə qurulub.
Hazırda təşkilatı daha da gücləndirməyə çalışırıq, üzvlərimizlə nələri edə biləcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il üçün hədəflərimiz var. Təşkilatı genişləndirməyi nəzərdə tuturuq. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı “D-20” edə bilərikmi? “D-8”ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır”.
Qeyd edək ki, “D-8”də Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə təmsil olunur. 2017-ci ildə İstanbulda keçirilən 9-cu sammit zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilat üzvlərinin milli valyutalara keçməsini və üzv ölkələrin sayını iyirmiyə çatdırmağı təklif edib. Eyni zamanda, “D-8” ölkələri İslam İnkişaf Bankı ilə anlaşma memorandumu imzalayıb.
Maraqlıdır, Azərbaycanın “D-8”də iştirakı ölkəmizə nə verə bilər?
“Təşkilat üzv ölkələr arasında gömrük əlaqələrinin tənzimlənməsini, sadələşdirilməsini özündə ehtiva edir”
Məsələyə münasibət bildirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov hesab edir ki, Azərbaycanın “D-8”ə qoşulmaqla bağlı müraciət etməsi mühüm hadisədir: “Əvvəla bu, ilk növbədə Azərbaycanın müsəlman ölkələri arasında imicini artıracaq. Çünki dünyada 57 müsəlman ölkəsi var. Adından da göründüyü kimi, sözügedən təşkilatda 8 ölkə təmsil olunur. Azərbaycanın belə bir quruma layiq görülməsi sıradan bir hadisə deyil. Türkiyədən sonra İran da Azərbaycanın üzv olmasını dəstəkləyib. Şübhə etmirəm ki, digər dövlətlər də Azərbaycana dəstək verəcək. “D-8” əsasən iqtisadi profilli bir təşkilatdır. Təşkilat üzv ölkələr arasında gömrük əlaqələrinin tənzimlənməsini, sadələşdirilməsini özündə ehtiva edir. Ümumilikdə hesab edirəm ki, Azərbaycanın orada təmsil olunması ölkəmizin xeyrinə olacaq”.
Vidadi ORDAHALLI