“ABŞ ATƏT-in Minsk Qrupundan kənarda Qarabağla bağlı vasitəçilik etməyə hazırdır”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
N.Praysın fikrincə, Birləşmiş Ştatlar ikitərəfli danışıqlarda müəyyən irəliləyiş əldə edə bilir və bu istiqamətdə daha da yaxşı işləməsi mümkündür: “Biz 1994-cü ildən Minsk Qrupunun həmsədriyik, lakin eyni zamanda Ermənistan və Azərbaycana davamlı və hərtərəfli sülhün bərqərar olunmasına kömək etmək üçün ikitərəfli səviyyədə işləməyə hazır olduğumuzu göstərmişik. ABŞ ATƏT-in Minsk Qrupundan kənarda Qarabağla bağlı vasitəçilik etməyə hazırdır”.
N.Prays hesab edir ki, Vaşinqton Azərbaycana və Ermənistana istənilən yolla, daha effektiv olacaq formatda yardım etməyə hazır olduğunu təsdiqləyib.
Görünən odur ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazır olduğunu rəsmən bəyan etdi. Son 30 ildə ABŞ tərəflər arasında vasitəçi olmağa o qədər də həvəs göstərməyib. Bununla bağlı yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən təşəbbüslərlə çıxış edib. Onların da sayı elə də çox olmayıb. Belə ki, 2001-ci ilin aprelində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağla bağlı keçirilən Ki-Uest danışıqlarından sonra ABŞ elə bir xüsusi fəallıq göstərməyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra ABŞ bir ara Minsk Qrupunu gündəmə gətirməyə çalışsa da, ən nəhayət bunun mənasız olduğunu anladı. Bu baxımdan ABŞ-ın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyinin perspektivlərini ekspertlər necə dəyərləndirir?
“Bu baxımdan Qarabağ məsələsində bir sıra avantajlar var və biz bundan istifadə etməliyik”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, ABŞ-ın sözügedən məsələdə təsirli vasitəçi olmaq imkanları var: “Əvvəla, ABŞ-ın Cənubi Qafqazla bağlı bir siyasəti var. O siyasət də ondan ibarətdir ki, Rusiyanı bir təhər bölgədən sıxışdırıb çıxartsın. Rusiya da Cənubi Qafqazda uzun illərdir əsas oyunçu olduğuna görə, bu o qədər də asan deyil. Bu səbəbdən Birləşmiş Ştatlar uzun illər Rusiya ilə məsləhətləşmək zorunda qalıb. İndi isə müəyyən zaman keçdiyinə görə şərtlər dəyişib və ona görə də ABŞ müəyyən variantlar axtarır. Çünki ABŞ rəsmiləri bir neçə dəfə Minsk Qrupu ifadəsini işlədiblər. Ermənilər də bundan geni-bol istifadə edib. Lakin ABŞ görür ki, Azərbaycan birdəfəlik Minsk Qrupundan imtina edib. Prezident İlham Əliyev dəfələrlə Minsk Qrupu ilə bağlı mövqeyini ortaya qoyub. Belə olan halda ABŞ Minsk Qrupundan kənar yollar axtarır. Nəzərə almaq lazımdır ki, Vaşinqton Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. ABŞ super güc olduğu üçün indi prosesləri sürətləndirmək və tənzimləməni öz nəzarətinə götürmək istəyir. Erməni mediası bununla bağlı yazır ki, ABŞ ermənilərsiz Qarabağın Azərbaycanın tərkibində olmasına razıdır. Təki problem həll olunsun. Ona görə də hesab edirəm ki, biz fürsətdən istifadə etməliyik. Çünki enerji daşıyıcıları məsələsində Avropa İttifaqının, ABŞ-ın mövqeləri Azərbaycanla üst-üstə düşür. Bu baxımdan Qarabağ məsələsində bir sıra avantajlar var və biz bundan istifadə etməliyik. Fikrimcə, Birləşmiş Ştatların imkanı olsa, çalışar bu məsələni təkbaşına həll etsin. Ancaq biz nəzərə almalıyıq ki, ortada başqa oyunçular var. Çünki Rusiyadan başqa İran da regiona müdaxilə etmək istəyir. ABŞ-ın fəallaşması həm də bununla bağlıdır”.
Bir sözlə, partiya sədri hesab edir ki, ABŞ səylərini artırsa, nəticə əldə etmək mümkündür.
Vidadi ORDAHALLI