ABŞ Ermənistan və Azərbaycanla regionda kommunikasiyaların açılmasına texniki dəstək imkanlarını göstərməyi müzakirə edir. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi müsahibəsində deyib:
“Məncə, Dövlət katibi (Blinken) regionda uzun müddət çəkən münaqişənin davamlı və hərtərəfli sülh yolu ilə həllinə doğru irəliləyiş əldə etmək üçün tarixi imkanımız olduğunu diqqətə çatdırmaq istəyib. Bu o demək deyil ki, bu asandır. Ancaq biz Ermənistan və Azərbaycanın birbaşa dialoqundan başqa bu konfliktin həllini görmürük. Və biz buna diqqət yetirəcəyik”.
Buradan belə nəticə çıxarmaq olar ki, Əliyev-Paşinyan görüşü vasitəçilərsiz keçə bilər? Buna Rusiyanın münasibəti necə olar?
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında dialoqun vacibliyindən danışarkən ilk növbədə bəzi mətləbləri vurğulamalıyıq: “Bundan əvvəl Ermənistan üçtərəfli bəyanata imza atmaqla üzərinə götürdüyü öhdəliklərə mütləq əməl etməlidir. İlk növbədə kommunikasiyaların açılması, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, Zəngəzur dəhlizinin işə salınması istiqamətində üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir. Ermənistan bu öhdəliyi həm də Rusiya qarşısında götürüb. Bütün qüvvələr, əsasən də ABŞ və Qərb maraqlıdır ki, bunlar həyata keçsin. Azərbaycan tərəfi ilk gündən birmənalı olaraq qeyd edir ki, biz heç bir vasitəçi olmadan Ermənistanla danışıqlara hazırıq. Belə danışığın vasitəçilərsiz aparılmasının effekti daha böyük olar. Bu baxımdan, ABŞ səfirinin “vastəçilərsiz görüş” təklifini müsbət qarşılamaq olar. Əlbəttə ki, bu formatı istəməyən qüvvələr də az deyil. Xüsusilə də Rusiya istəmir ki, onun iştirakı olmadan belə görüş olsun. Bu da prosesin uzanmasına gətirib çıxarır. Rusiya problemin tezliklə həllini istəmir. Regionda qaynar ocağın qalmasında maraqlıdır. Bu vasitə ilə həm Azərbaycanı, həm də Ermənistanı nəzarətdə saxlamağa çalışır. Ancaq düşünürəm ki, tərəflərin özü də vasitəçilərsiz təmasa daha çox üstünlük verməyə çalışır. Artıq xarici işlər nazirləri səviyyəsində belə bir görüş bu yaxında olub. Bundan əvvəl isə ölkə başçıları vasitəçilərin iştirakı ilə görüşüblər”.
Məhəmmədəli QƏRİBLİ