ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi müsahibəsində deyib ki, ABŞ Qarabağ probleminin hərtərəfli və sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunda Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edir:
“Biz Minsk qrupundan platforma kimi istifadə etməyə hazır olduğumuzu bildirdik. Bu təklif açıq qalır. Rusiyalı həmkarların bu təklifə reaksiyasını eşitməmişik. Amma hesab edirəm ki, bu ilk addımdır, ondan sonra başqa addımlar və ideyalar barədə danışmaq olar. Biz gözləyirik ki, Rusiya ilk addımı atacaq və bu, Rusiyanın bu formatda iştirakına qayıtması olacaq. Biz Minsk qrupunu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün beynəlxalq mandata malik format, platforma kimi nəzərdən keçirməyə davam edirik”.
Səfir vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına baxmayaraq, dünyada böyük diqqət cəlb edən ABŞ bu regiondakı vəziyyətə, Ermənistanla Azərbaycan arasındakı vəziyyətə çox diqqətlə yanaşır: “Düşünürəm ki, bu, bu administrasiya hakimiyyətə gələndən bəri gördüyümüz telefon danışıqlarında, əlaqələrdə öz əksini tapıb. Bu, ABŞ dövlət katibinin münaqişələrin yenidən başlanmasının qarşısını almaq, müzakirələri diqqət mərkəzində saxlamaq, irəliləyiş əldə etmək və bunu diplomatiya yolu ilə etmək istəyinə sadiqliyini göstərir”.
ABŞ diplomatı qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına kömək edə bilər: “Bu məsələlərin bir çoxu son nəticədə bir-biri ilə bağlıdır və biz bir istiqamətdə müsbət addımları atanda bunu görürük. Bu, regionda daha geniş sülhə nail olmaq üçün sürəti artıra bilər”.
Çox maraqlıdır ki, ABŞ diplomatı bir vaxtlar Minsk qrupunda Rusiya ilə könüllü əməkdaşlıqdan imtina etdiklərini deyəsən unudub. Məhz həmin imtinadan sonra Rusiya da bu formatdan imtina etdi. İndi isə səfir ABŞ-ın mövqeyini çatdıraraq deyir ki, özünü doğrultmayan həmin format mütləq bərpa edilməlidir. ABŞ-ın bu marağı nə ilə bağlıdır?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ bundan əvvəl də belə mövqe sərgiləyib: “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid ötən ay Bakıdan sonra İrəvanda olarkən diplomat bəyan edib ki, ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün Minsk qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır. Donfrid ardınca deyib ki, ABŞ Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Amerikalı diplomat, həmçinin, bu formatda Rusiya ilə əməkdaşlığı mümkün saydığını bildirib: “Rusiya Minsk qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”. Halbuki, hazırda Qərb və ABŞ - Rusiya münasibətləri ən kritik dövrünü yaşayır. Bəs Vaşinqton rəsmilərinin “erməni dəyirmanına” su tökməsi nə ilə bağlıdır? ABŞ sırf keçmiş Qarabağ probleminin həll olunmasında bu reallığın bir parçası deyil. Çünki müharibədən sonra Ermənistan kapitulyasiyaya məcbur edilərkən imzalanan üçtərəfli bəyannamənin iştirakçısı olmayıb. Yeni reallığın hüquqi-siyasi əsaslarını isə məhz bu üçtərəfli bəyannamə və onun tərəflər üzərinə qoyduğu vəzifə və öhdəliklər təşkil edir. Bəhs etdiyimiz bəyannamənin mətnində isə nə hər hansı bir qrup, nə də hər hansı bir status məsələsi var. Yəni Minsk qupunun həll etməli olduğu problem beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həll edilib. Belə olan halda Minsk qrupu AB və ABŞ-a ona görə lazımdır ki, Qafqazda itirdiyi mövqeləri qismən bərpa edə bilməklə yenidən regionda Rusiya ilə geosiyasi rəqabət apara bilsin. Ancaq artıq bu arzuların reallaşması mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ