Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda görüşə bilər. Bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr daimi komitəsinin sədri keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İrəvan və Bakı liderlərin görüşü üçün danışıqlar aparır: "Mən bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarix deyə bilmərəm".
Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Həmin görüşdə öz üzərinə müəyyən öhdəliklər götürən Paşinyan sonra onların heç birinə əməl etmədi.
Bu baxımdan, ölkə rəhbərlərinin yeni görüşündən nəsə gözləmək olarmı?
Politoloq Qabil Hüseynli "Bakı Xəbər"ə açıqlamasında bildirdi ki, bu mövzu çox qəlizləşib: “İki ölkə arasında münasibətlər o qədər gərginləşib ki, yalnız iki ölkə başçılarının təması ilə bunları normallaşdırmaq olar. Üstəlik də sülh yaratmaq prosesinin önünü açmaq olar. Əlbəttə, Ermənistanın sülhyaratma prosesindən qaçmasında bir sıra səbəblər var. Həmin ölkənin qeyri-konstruktiv mövqe tutmasında ona kənardan qəyyumluq edən ölkələrin də rolu az deyil. Bunu Rusiyaya, eləcə də ABŞ konqresindəki müəyyən ermənipərəst konqresmenlərə də aid edə bilərik. Məsələni dərindən öyrənmədən, tam ciddiliyinə varmadan elə subyektiv fikirlər söyləyirlər ki, adam hiddətlənməyə bilmir. Mənim zənnimcə, ABŞ dövlət katibi Blinkenin bir fikri ilə razılaşmaq olar. O deyir ki, tərəflər bir-birilə heç bir vasitəçi olmadan təmasa keçməlidir. Rusiya və ya İran kimi ücüncü bir qüvvə olanda problemlər daha da mürəkkəbləşir. Görüşün nəticələrinə böyük ümidim olmasa da, bunu zəruri sayiram.
Düşünürəm ki, növbəti görüşlər vasitəçi olmadan da keçirilə bilər. Azərbaycan görüşlərə və danışıqlara hazırdır. 5 şərtimizi təklif etmişik və Paşinyan da qəbul edib. Ermənistanın baş nazirinə təzyiqlər çoxdur. Qərbin təzyiqləri azalsa da, Rusiya və İranın təzyiqləri davam etməkdədir. Nəzərə alaq ki, revanşist qüvvələr də İrəvanın siyasətinə mənfi təsir göstərir. Amma Paşinyan onu da anlayır ki, Ermənistanın problemlərinin həlli üçün Azərbaycanla danışıqlar, ikili təmaslar çox vacibdir. Vasitəçilərlə olan görüşdə tərəflər istər-istəməz məsələləri axıra qədər müzakirə edə bilmir. Ermənistan tərəfi kənar vasitəçilərin bu işə mane olacağından ehtiyat edir. Ona görə də ikili təmaslar çox vacibdir. Belə görüş sınaqdan çıxarılıb. Azərbaycan və Ermənistan XİN başçıları iki dəfə görüşüblər”.
Məhəmmədəli QƏRİBLİ