“Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz”. Bu fikirləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, daim insanlarla təmasda olmaq lazımdır: “Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
Görünən odur ki, Prezident rayonlarda problemlərin həlli ilə əlaqədar bütün yolları göstərdi. Əsas odur ki, icra başçıları təşəbbüskar olsunlar, yığılıb qalmış problemlərin həlli ilə bağlı səy göstərsinlər.
“Başçı rayonun problemlərini həll etmək üçün mütəmadi insanlarla görüşməlidir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, yeni icra başçılarına nəzarət artırılmalıdır: “Əvvəla, icra başçısı rayonun problemlərini həll etmək üçün mütəmadi insanlarla görüşməlidir. Rayonun problemlərini aradan qaldırmaq üçün müəyyən təşəbbüslərlə çıxış etməlidir. Hansı məsələnin həlli yerli imkanlar çərçivəsində yoluna qoymaq mümkündürsə onu etmək lazımdır. Daha böyük problemlərin həlli ilə bağlı isə Nazirlər Kabinetinə müraciət etmək lazımdır. Əfsuslar olsun ki, bir sıra hallarda icra başçısı yalnız hakimiyyəti təmsil etmək funksiyasını yerinə yetirir. Bəzi icra başçıları korrupsiya və rüşvətə bulaşıb. Əslində icra başçısı rayonun bütün problemlərini həll etməyə qadir olan və yaxud da həll etmək üçün təşəbbüslər göstərən adamlardan ibarət olmalıdır. Son dövrlər cavan və yeni icra başçıları təyin edilir. İndi bilmək olmur gələcəkdə onlar özünü necə göstərəcəklər. O baxımdan hesab edirəm ki, icra başçılarının təyinolunma meyarları müəyyən olunmalıdır. Yəni, hakimiyyət öz daxilində müəyyən meyar müəyyən etməlidir ki, ona uyğun icra başçısı təyin edilsin. Hesab edirəm ki, yeni təyin olunan icra başçılarını daim nəzarətdə saxlamaq lazımdır. Təyin olunandan sonra onları başlı-başına buraxmaq olmaz”.
Partiya sədri onu da əlavə etdi ki, icra başçısı sistemi təkmilləşdirilməlidir.
Vidadi ORDAHALLI