“Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir”. Bunu Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul edərkən deyib.
“İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
“Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib: “Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir”.
Birlik sədri onu da əlavə etdi ki, Prezident İlham Əliyev qəbul zamanı icra başçılarının şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərməsinin vacibliyinə toxundu: “Məlumdur ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olmuş oğul və qızlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır. Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər, xalqımız şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir. Onlar Prezidentin sərəncamları ilə medallarla təltif olundular, layiq olduqları statusu qazandılar. Bir sözlə, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir”.
Günel CƏLİLOVA