Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun internet televiziya kanallarından birinə verdiyi müsahibədə dediyi fikirlər sosial şəbəkələrdə sensasiyaya çevrilib. Həmin müsahibəsində Ərəstun Oruclu bildirirdi ki, Rusiyada Azərbaycana qarşı diversant qruplar hazırlanır və həmin qruplar İranda təlimlər keçir.
Siyasi şərhçi qeyd edirdi ki, Azərbaycan hədəfdədir: “Bəli, mən müsahibələrimin birində deyil, bir neçəsində demişəm ki, qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var. Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var. Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var. Məndə bu işlə məşğul olan, bu işə azərbaycanlıları cəlb edən insanların adları var. Burda söhbət heç də yaxşı niyyətdən, yaxşı məqsəddən getmir, gedə də bilməz”.
Səslənən bu ittihamları nə dərəcədə əsaslı saymaq olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Bakı-Xəbər" ə açıqlamasında bildirdi ki, bizimlə qonşu olan və olmayan ölkələrdə Azərbaycan əleyhinə təlimlərin keçirilməsi mümkündür: "Müstəqillik illərimizdə belə hadisələrin dəfələrlə şahidi olmuşuq. Sual doğuran başqa məsələdir: Ukraynada döyüşməyə əsgər tapmadığı səbəbindən hazırlıqsız gəncləri cəbhəyə göndərən Rusiya gerçəkdənmi azərbaycanlılara təlim keçmək fikrinə düşüb? Ərəstun Oruclunun dediyindən bu nəticəyə gəlirik ki, bu işi İranla birlikdə aparırlar. Adətən bu cür işlərdə məxfiliyi təmin etmək üçün dövlətlər belə fəaliyyətləri tək edir. Ancaq indiki məqamda Rusiyanın belə işləri görməsi inandırıcı görünmür. İran isə daima belə işlər aparıb. İranda dini təhsil almaq adı ilə ora gedən tələbələrin belə təlimlərə cəlb edilməsi halları olub. Hətta həmin ölkədə təlim keçmiş bəzi qruplar ölkəmizin daxilində sifarişli qətllərin törədilməsində iştirak ediblər. Ancaq qəribəsi budur ki, Ərəstun Oruclu belə ciddi məlumatları versə də, heç bir ad çəkmir. Əgər adlar ona məlumdursa, yaxşı olardı ki, adları sadalasın. Ümid edirəm ki, bu cür məsələlər Azərbaycan təhlükəsizlik qurumlarının nəzarəti altındadır. Belə məsələlərin qarşısını almaq üçün tədbirlər görürlər və görməlidirlər. Bir daha xatirladıram ki, bu cür təhlükələrin olduğunu heç kim inkar edə bilməz. Xalq və dövlət olaraq belə təhlükələrlə birgə mübarizə aparmalıyıq. Azərbaycana qarşı olan qüvvələr yalnız İran və Rusiyada deyil, onlar Qərbdə da hazırlanır. Avropa müxtəlif tədbirlər keçirmək adı altında öz tərəfdarlarını maliyyələşdirir. Onların belə imkanları həm İrandan, həm də Rusiyadan qat-qat çoxdur".
Məhəmmədəli QƏRİBLİ