Hazırda Londonda yaşayan professor Cəmil Həsənli Milli Şuranın sədri vəzifəsindən gedir. Bu barədə C.Həsənli müsahibəsinə deyib:
“Bununla bağlı təklif vermişəm. Milli Şura gəncləşməli, yenilənməlidir, artıq 8-ci ildir, təşkilatın rəhbəriyəm. İnsanları nəyəsə çağırırsansa, özün prosesin önündə olmalısan. Londonda, Parisdə, Vaşinqtonda oturub riskli bir cəmiyyətdə insanları etiraza çağırmağın əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki... Hər yerdən, o cümlədən də bu dünyadan gərək vaxtında gedəsən. Aktiv siyasətdə və Milli Şuranın rəhbərliyində qalmağı düşünürəm”.
Cəmil Həsənlinin bu fikirlərini həm də 30 ilə yaxındır rəhbərləri dəyişməyən müxalif partiya sədrlərinə verilən mesaj kimi qəbul etmək olarmı?
Müstəqil siyasətçi, Milli Azadlıq Hərəkatının fəallarından olan Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda nə partiya var, nə də müxalifət: “Çünki partiya olmağın standartları var. Siyasi partiya ideoloji əsaslar üzərində qurulmalıdır. Azərbaycandakı partiyalar isə bir şəxsin ətrafında formalaşır. Həmin lider gedən kimi partiya da dağılır. Əslində, siyasi partiyalar hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Biz bu yöndə də onların fəaliyyətini görmürük. Azərbaycandakı bütün müxalif partiyaların üzvlərini bir yerə yığsaq ölkəni idarə etmək üçün lazım olan kadrların sayını ala bilmərik. Onda bunlar necə müxalifətdir? Bir sıra partiyalar müxalif adı ilə hakimiyyətin qanadının altına yığışıb. Bu limitlə müxalifət olmaq mümkün deyil. Milli Şura çox ciddi səhv etdi ki, bu ciddi adı adiləşdirdi. Bunu yaratmaqla ötən əsrin əvvəlindəki Milli Şuranın da adını batırmış oldular. Azərbaycandakı müxalif sitasi qruplaşmalar üç formadadır. Ya xaricdən maliyyələşir, ya da hakimiyyətdən maliyyə alırlar. Üçüncü qrupun isə yalnız adı var. Balaca bir ailə formatı yaradıblar ki, partiya adı ilə dolanışıqlarını təmin etsinlər. Müxalif adına iddia edən partiyalar yalnız hakimiyyəti tənqid üzərində işlərini qurublar. Ortaya heç bir fərqli proqram qoymurlar. Bir sözlə, Cəmil Həsənlinin istefası nəyisə dəyişməyəcək. O bu qərarı çoxdan verməliydi. Özünə hörmət edən adam ortaya fəaliyyət qoymursa, üzüsulu ikən istefa verməlidir. Cəmil Həsənlinin bu qərarını, gecikmiş olsa da, doğru qəbul edirəm. Yaxşı olardı ki, o, ümumiyyətlə Milli Şuranı tərk edib elmi fəaliyyəti ilə məşğul olardı. Bu qərardan fəaliyyəti olmayan partiyalar da nəticə çıxarmalıdır. Hakimiyyətdən demokratiya tələb edən bu dairələrin özündə 30 ildir sədr dəyişmirsə, özlərində bunun mənəvi məsuliyyətini hiss etməlidirlər. Bir daha deyirəm ki, bu yöndə olan qruplar siyasi fəaliyyət adı ilə partiya imitasiya edirlər”.
Məhəmmədəli QƏRİBLİ