Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilib.
Trend-in məlumatına görə, forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanlandığı təbrik məktubunu oxuyub.
Forum çıxışlarla davam edib.
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması ölkəmizdə bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaratmışdır”.
Bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Şuşada Beynəlxalq Media Forumunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətlərindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Vətən müharibəsindən az sonra Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.
"Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verir.
Cənab Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır", - deyə o əlavə edib.
Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov isə bildirib ki, mediada qeyri-obyektivliyə qarşı mübarizə aparmaq lazımdır. "Bu gün biz mediada ayrıseçkilik, obyektivlik prinsiplərinin pozulması kimi çoxlu nümunələr görürük. Azərbaycan qlobal arenada 44 günlük müharibə zamanı həqiqətin çatdırılması prosesinə təsir göstərmək cəhdləri ilə üzləşib", - İ.Səttarov bildirib.
O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qalib ordusu Şuşa şəhərini işğaldan azad edib və ölkəmizin mədəniyyət paytaxtında keçirilən bugünkü forum bu baxımdan çox mühümdür.
“Şuşa beynəlxalq media forumunun qlobal səviyyəyə çatmaq potensialı var”. Bunu isə TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
"Tezliklə Azərbaycan jurnalistikası 150 illik yubileyini qeyd edəcək və mən həqiqətən ümid edirəm ki, o vaxta qədər Beynəlxalq Media Forumu qlobal səviyyəyə çatacaq", - Quzman deyib.
O, 44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq aləmdə, xüsusilə də mediada üzləşdiyi ədalətsizliyi də xatırladıb.
"Bu gün və əbədi olaraq Şuşa və Qarabağ Azərbaycanındır və bu həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu, media forumunun vəzifələrindən biridir", - M.Qusman deyib.
“Biz mümkün olan hər şeyi etməliyik ki, media etibar edilən struktura çevrilsin”. Şuşada keçirilən Beynəlxalq Media Forumunda Əl-Cəzirə Media İnstitutunun təlim meneceri Məhəmməd Talal Əbdülkərim belə deyib.
"Bununla bağlı bizim hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarix yazanlardır. Mən Bakıda olarkən muzeydə son 150 ildə çap olunmuş Azərbaycan qəzetlərini görə bildim. Onların bugünə qədər gəlib çatmasının əsas səbəbi odur ki, onlar etibarlı və oxunaqlıdır", Məhəmməd Talal Əbdülkərim deyib.
Qeyd edək ki, tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçirilib.
Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak edib.