“Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır”. Bunu Prezident İlham Əliyev Bolqarıstan baş naziri Kiril Petkov ilə görüşdə deyib.
Ölkə başçısının sözlərinə görə, daşımalar sahəsində böyük potensial mövcuddur: “Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu yalnız başlanğıcdır, çünki burada potensial var”.
Görünən odur ki, Bolqarıstan üçün təkcə Azərbaycandan daha çox qaz idxal etmək proritet məsələ deyil. Eyni zamanda nəqliyyat-tranzit sahəsində əlaqələin genişləndirilməsi də prioritetdir.
“Azərbaycanın nəqliyyat-tranzit habına çevrilməsi Bolqarıstan üçün də perspektivlər açır”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Ukrayna hadisələrindən sonra Azərbaycanın önəmi birə on artıb: “Artıq Şərq-Qərb istiqamətində daşımaların Azərbaycan üzərindən həyata keçirilməsi qaçılmaz reallığa çevrilib. Çünki Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, burada bir sıra nəqliyyat xətləri kəsişir. Heç şübhəsiz, nəqliyyat infrastrukturu tam hazır olandan və ölkələr arasında daşıma xərcləri müəyyən ediləndən sonra ölkəmizin tranzit imkanları daha da artacaq. Bolqarıstan Qara dəniz sahilində yerləşən 6 ölkədən biridir. Üstəlik, Cənubi Qafqaza məsafə baxımından yaxındır. Bu baxımdan Azərbaycanın nəqliyyat-tranzit habına çevrilməsi Bolqarıstan üçün də perspektivlər açır. Yəni Çindən Avropaya yüklərin daşınmasında Bolqarıstan da fəal iştirak edə bilər. Bu isə Bolqarıstanın daşımalardan əldə etdiyi gəlirlərin artması deməkdir. Nəzərə almaq lazımdır ki, Bolqarıstan zəif iqtisadi göstəricilərə malik Avropa İttifaqı ölkəsidir. Üstəlik, ölkədə demoqrafik problem var və hər il ölkə əhalisinin sayı azalır. O üzdən, Bolqarıstanın nəqliyyat daşımalarında fəal iştirakı ölkədə iqtisadi fəallığın artmasına müsbət təsir edə bilər. Bolqarıstan artıq bu il iyulun 1-dən Azərbaycan qazını idxal etməyə başlayıb. İlkin mərhələdə 1 milyard kubmetr, növbəti mərhələdə isə 3 milyard kubmetr qaz idxalı nəzərdə tutulub”.
Bu baxımdan ekspert hesab edir ki, yaxın illərdə Azərbaycan-Bolqarıstan əlaqələri daha da genişlənəcək.
Vidadi ORDAHALLI