Avropa İttifaqı yaxın həftələr ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Məlumata görə, yeni sanksiyalar paketi qızıl idxalına məhdudiyyətləri, əvvəlki sanksiyalarda dəyişiklikləri, fiziki və hüquqi şəxslərə qarşı əlavə sanksiyalar siyahısını əhatə edir. Sanksiyalar tam qüvvəyə minmədiyi üçün Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı qərar gözlənilmir.
Eyni zamanda, Avropa İttifaqının üzvü olan bəzi ölkələr Rusiya qazına sanksiyaları artırmağa çalışsalar da, əksəriyyət bunu dəstəkləmir. Xatırladaq ki, Avropa İttifaqı iyunun 3-də Rusiya və Belarusa qarşı altıncı sanksiya paketini qəbul edib. Həmçinin Brüssel hazırda Ukrayna ilə birlikdə yeddinci sanksiyalar paketinim tətbiqi üzərində işləyir.
Yeni sanksiyalar paketi nəyisə dəyişə biləcəkmi?
İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən effekti vermədi: “Düzdür, Rusiya müəyyən çətinliklərlə üzləşib və ixrac etdiyi bəzi məhsullara qadağa qoyulub. 7-ci paketdə qızıl ixracatına qoyulan qadağa Rusiyanın 19 milyard dollar zərərə uğramasına səbəb olacaq. Lakin neft və qazın qiymətinin fantastik dərəcədə artımı Rusiyanın üzləşdiyi zərərlərin təsirlərini azaldır. Bu gün Rusiyada rublun qiyməti sabit olaraq qalmaqdadır. Hətta müharibədən öncəki faiz dərəcəsi də aşağı düşüb. Bu, Rusiyanın sanksiyalardan ciddi zərbə almadığını göstərir. Bu gün Çin və Hindistan hələ də Rusiyadan neft və qazı baha qiymətə alır. Bu, Rusiyanın iqtisadi vəziyyətinin tarazlaşmasına müsbət təsir edir. Rusiyaya qarşı embarqoların olmasına baxmayaraq, Avropanın hər hansısa şəkildə Moskva ilə razılaşma əldə etdiyi ehtimal olunur.
Yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-ni Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb. Nəticədə neft və benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-da yaşanır. Maraqlıdır ki, bu yaxınlarda ABŞ da Rusiyaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaları ləğv etdi. Bu nəticəyə gəlirik ki, Rusiyanın zəngin təbii ehtiyatları ona sanksiyalardan sığortalanmağa imkan verir. Eyni zamanda Qərbin özünə təzyiq edə bilir. Belə olan təqdirdə 7-ci paket də nəyisə dəyişən deyil”.
Məhəmmədəli QƏRİBLİ