Məlum olduğu kimi, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır. Erməni kilsəsinin və erməni din xadimlərinin məlum çağırışı narazılıqla qarşılanır. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşüb. Görüş zamanı erməni din xadimlərinin məlum çağırışı da müzakirə olunub.
A.Paşazadə qeyd edib ki, erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənir.
Erməni keşişinin müharibə çağırışına Şeyxülislam Allahşükür Paşazadənin sadəcə “təəssüflənirəm” fikrini səsləndirməsi ekspertlər tərəfindən yetərli hesab edilmir. Onların fikrincə, məlum çağırışla bağlı daha kəskin addımlar atıla bilərdi. Dünyanın müxtəlif dini liderlərinə məlum çağırışın düzgün olmaması ilə bağlı çağırışlar etməli idi.
“Yaxşı olardı ki, Şeyxülislam məlum məsələ ilə bağlı Roma papasına, bütün dünya dini liderlərinə çağırış edərdi ki, erməni keşiş qan, müharibə istəyir”
Ilahiyyatçı Tural İrfan bildirdi ki, erməni keşişinin müharibə çağırışı yeni hadisə deyil: “İllərdir erməni din xadimləri müharibə çağırışları ilə çıxış edir. Çox təəssüf ki, erməni din xadimlərinin məlum çıxışlarına qarşı zəif fəaliyyət göstərilir. Erməni din xadimlərinin Azərbaycana qarşı qan tökmək fikrinə siyasi cavabla yanaşı, din xadimlərinin də tutarlı cavabı olmalıdır. Təbii ki, siyasətçilər bu məsələni beynəlxalq təşkilatların diqqətinə çatdıracaq. Yaxşı olar ki, bu tip məsələlərdə din xadimlərimiz aktivlik nümayiş etdirsin. Bu cür məsələdə sadəcə “təəssüflənmək” sözünün işlənməsi düzgün deyil. “Təəssüflənmək” sözü ölkəmizə qarşı ögey münasibətin olmasından xəbər verir. İstənilən ölkənin din xadimi qan, müharibə ilə bağlı çağırış eşitsə, təəssüfləndiyini deyəcək. Yaxşı olardı ki, Şeyxülislam məlum məsələ ilə bağlı Roma papasına, bütün dünya dini liderlərinə çağırış edərdi ki, erməni keşiş qan, müharibə istəyir. Erməni keşişlərinin qan tökmək çağırışı ilə bağlı bəyanat verilməli idi. Bu məsələ beynəlxalq aləmdə ictimailəşdirilməli idi”.
Günel CƏLİLOVA