Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu, demokratik islahatlar müstəqil medianın inkişafına da öz töhfəsini verdi. Ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmin, söz və məlumat azadlığının təmin edilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycanda müasir çağırışlara cavab verən mətbuatın formalaşması və inkişafı üçün zəmin formalaşdırıldı. Azərbaycanda media islahatlarının davamlılığı üçün şərait yaradıldı.
Azərbaycanda media sahəsində islahatlar prosesində varislik əlaqələri və novatorluq var. Bunlar bir-biri ilə necə əlaqələndirilir? Şərti olaraq media sahəsində islahatları 3 dövrə bölmək olar: Heydər Əliyevin prezidentliyi dövründə, son 15-20 il ərzində aparılan islahatlar və ötən ilin yanvarında Prezident İlham Əliyevin mediada islahatların dərinləşdirilməsi ilə bağlı fərmanından sonra atılan islahat addımları. Sadalanan bu 3 şərti islahat mərhələsində həyata keçirilən islahat addımları bir-birini nə dərəcədə tamamlayır? Bütün bunlar bir-birinə nə dərəcədə uyğundur və bir-birinin işini nə dərəcədə davam etdirir?
“Bu yeni bir mərhələdir və bunu vacib edən faktorlar var”
Məsələyə münasibət bildurən media eksperti, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin fikrincə, 3 şərti mərhələ kifayət qədər bir-birini tamamlayır: “Heydər Əliyevin mediaya münasibəti, o zaman verilən qərarlar çox mütərəqqi idi. Biz nəzərə almalıyıq ki, 90-cı illər ağır bir dövr idi. Ölkə yeni müstəqillik əldə etmişdi, ərazilərimiz işğal olunmuşdu, çətin iqtisadi vəziyyət idi. Bir sıra mətbuat orqanlarının nəşriyyata borcu var idi və s. Heydər Əliyevin iradəsi sayəsində mətbuatın borcları silindi. Mətbuat nümayəndələrinə bir sıra güzəştlər tətbiq olundu. Bu da KİV üçün bir nəfəslik oldu. Bununla yanaşı, 1998-ci ildə senzura aradan qaldırıldı. Bu çox mütərəqqi qərar idi və həmin vaxtdan sonra azad mətbuat daha da inkişaf etdi. Ondan sonrakı dövrdə bu işlər davam etdirildi. İlham Əliyev prezident seçiləndən sonra yeni mərhələ başladı. Jurnalistlərin rifah halını yaxşılaşdırmaq üçün bir sıra işlər görüldü. Dövlət çap mediasının maliyyələşməsi üçün vəsait ayırdı, jurnalistlərə evlər tikildi. Tanınmış jurnalistlərə fəxri adlar, mükafatlar verildi. Bütün bunların hamısı mətbuatın inkişafı üçün çox mühüm addımlar idi. Ən nəhayət, ötən ilin yanvarında media haqqında yeni qanun qəbul olundu. Bu yeni bir mərhələdir və bunu vacib edən faktorlar var. O da ondan ibarətdir ki, ənənəvi mətbuatın sıradan çıxması problemləri ortaya çıxır. Sosial şəbəkələrin ictimai rəyə təsiri yeni qanunun qəbul olunmasını zərurətə çevirdi. Bütün bunlar islahatların yeni mərhələsi üçün çox önəmli idi. Zamanın tələbləri baxımından media islahatları bir-birini tamamlayır”.
Media eksperti onu da əlavə etdi ki, bütün bunlar medianın inkişafına xidmət edir.
Vidadi ORDAHALLI