Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.
Bununla bağlı yayılan məlumatlarda bildirilir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb. Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib. Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.
Bu hadisə bizi bir qədər dərin düşünməyə vadar edir. Əgər bu silahı Rusiya hərbçiləri ermənilərə çatdırmaq istəyirsə, bunu sülhməramlıların əli ilə asanlıqla onlara ötürə bilərlər. Digər versiya isə bundan ibarətdir ki, ola bilər, bu addımın arxasında silah qaçaqmalçıları durur və bunu alver məqsədilə edirlər. Yox, əgər bu addımlar Rusiyanın yüksək hərbi dairələrinin əli ilə atılırsa, onda onlar bununla hansı məqsədləri güdə bilərlər?
Hərbi siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu hər zaman Azərbaycan cəmiyyətini narahat edib: “Hələ çar Rusiyanın dönəmində ermənilər bölgəyə yerləşdiriləndən sonra onlara silahı ruslar verib.
1997-ci ildə, mərhum Heydər Əliyevin prezidentliyi dönəmində rəsmən bəyan edilmişdi ki, Rusiya Ermənistana bir milyard dollar dəyərində silah verib. 44 günlük müharibə zamanı Orta Asiyanın hava məkanından istifadə etməklə İran üzərindən Ermənistana silah daşımışdı. Hazırda da Rusiya sülhməramlıları 10 noyabr bəyanatını yerinə yetirmir. Ayrı-ayrı vaxtlarda Rusiya sülhməramlıları erməni polislərinin formasında bizim maşınlarımızı yoxlamağa cəhdlər ediblər. Bu məsələni də Rusiya sülhməramlılarının uğursuz cəhdi sayıram. Əslində bu vəziyyət Rusiya üçün bir şansdır ki, uğurlu vasitəçilik missiyasını ortaya qoya bilsin. Çünki Ukraynaya görə onların imici bütün dünyada bərbad günə düşüb. Belə addımları ilə Rusiya Azərbaycanla olan müttəfiqlik münasibətlərinə xələl gətirmiş olur. Rusiyanın bu addımında marağı bəllidir. İstəyir ki, Xankəndi və ətrafdakı erməniləri möhkəmləndirsin ki, onlar yaxşı müqavimət göstərə bilsin. Ancaq dərindən yanılırlar. Çünki nə dünya həmin dünyadır, nə də Azərbaycan həmin ölkədir. Azərbaycanın çox qüdrətli ordusu var. Biz öz gücümüzə necə ərazilərmizi azad etdiksə, elə də erməni silahlılarının qalıqlarını Qarabağdan təmizləyə bilərik. Belə addımları ilə Rusiya ölkəmizlə olan normal münasibətləri zədələyə bilər. Rusiya çalışmalıdır ki, bölgəyə sülh gəlsin. Bunu istəyən ölkə əksinə, qanunsuz fəaliyyətdə olan erməni silahlıları tərksilah etməlidir, onlara silah verməməlidir. Hər nə məqsədlə olsa belə, bu məsələnin bütün məsuliyyəti Rusiyanın üzərində qalır. Nə qədər silah versələr də, Azərbaycan onları tərksilah etmək gücünə sahibdir”.
Məhəmmədəli QƏRİBLİ