Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çox ziddiyyətli müsahibə verib. O deyib ki, Qarabağda yaşayan yerli çağırışçıların separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.
A.Qriqoryanın sözlərinə görə, Ermənistandan olan hərbi çağırışçıların Qarabağa göndərilməməsi oradakı separatçıları müdafiəsiz qoymaq demək deyil. O, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab edib:
“Dəqiq desək, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri “müdafiə ordusu”na kömək etmək üçün Dağlıq Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. “Müdafiə ordusu”na gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmaqda davam edir”.
Göründüyü kimi, Qriqoryan Qarabağda olan silahlı ermənilərin bir qisminə “köməyə gedən”, digərlərinə isə “özünü müdafiə edən” adlarını verir. Əslində bununla ustalıqla manevr edir və silahlı ermənilərin orada qalmasına haqq qazandırır. Söhbət bütün silahlı ermənilərin Qarabağı tərk etməsindən gedirsə, onda belə yalançı təsnifatlandırma nəyə lazımdır?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, Armen Qriqoryanın məlum açıqlaması növbəti erməni hiyləsindən xəbər verir: “Bilirsiniz ki, Ermənistan 44 günlük müharibənin yekunu olaraq üçtərəfli sənədə imza atıb. Həmin sənədin bir bəndində açıq göstərilib ki, Ermənistan Azərbaycan ərazilərində olan bütün silahlılarını ölkəmizin hüdudlarından çıxarmalıdır. Bu öhdəliyin üstündən iki il keçsə də, hələ də Ermənistan bu istiqamətdə addım atmır, əksinə, yeni təxribatlarla məşğul olur. Prezident İlham Əliyev son çıxışlarından birində açıq dedi ki, Rusiyanın yüksək çinli hərbçisi bizdən bununla bağlı vaxt istəyib. Həmin vaxt bitsə də, erməni silahlıları ölkəmizdə qalmaqda davam edir. Ermənistan bunu özü üçün son və ciddi xəbərdarlıq olaraq qəbul edib. Buna görə də, belə yayındırıcı bəyanatlar səsləndirirlər. Azərbaycan ərazisində olan bütün erməni silahlılarının yalnız bir adı var, o da işğalçıdır. Onların hamısı ölkəni tərk etməlidir. Qriqoryan demək istəyir ki, bir qrup Ermənistandan “köməyə” gəlmə adı ilə çıxarılacaq, qalanları özünümüdafiə adı ilə qalacaq. Azərbaycan ərazisində yalnız bizim dövlətə məxsus olan silahlı birləşmələr fəaliyyət göstərə bilər. İstənilən ad altında maskalanma burada silahlı qruplaşma saxlamağa icazə vermir. 10 noyabr sənədinin məzmunu budur ki, həmin ərazilərdə yalnız rus sülhməramlılarından ibarət hərbi kontingent fəaliyyət göstərə bilər. Buna görə də, Armen Qriqoryanın aldadıcı manevrləri bizim üçün keçərli olmamalıdır. Yəni biz heç də inanmırıq ki, sentyabra kimi erməni silahlıları Qarabağı tərk edəcək. Biz son bir nəfərinə kimi bütün erməni silahlılarının tərksilah edilməsində israrlıyıq. Bu istiqamətdə rus sülhməramlıları da üzərlərinə düşəni etməlidir. Əks təqdirdə, Azərbaycan ordusu keçirəcəyi lokal antiterror əməliyyatları ilə bu məsələni həll edəcək”.
Məhəmmədəli QƏRİBLİ