Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə müsahibəsində bir sıra təxribatçı xarakterli fikirlər səsləndirib.
Qriqoryanın sözlərinə görə, Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyasını “Qarabağ ordusu” yerinə yetirib və yerinə yetirir: “Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bəzi hissələri Dağlıq Qarabağ müdafiə ordusunun köməyinə gəliblər. Atəşkəs rejimi bərqərar olduqdan və Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri hissələrinin çıxarılması tamamilə qanunauyğundur”.
Bu o deməkdirmi ki, Dağlıq Qarabağ müdafiəsiz qalacaq? Qriqoryan bu suala mənfi cavab verib. Onun sözlərinə görə, Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyasını “Qarabağ ordusu” yerinə yetirib və yerinə yetirir. Lakin təhlükəsizliyin qarantı Rusiya sülhməramlıları “olmalıdır”.
"Fərrux" yüksəkliyinin azərbaycanlılar tərəfindən “ələ keçirilməsi” zamanı sülhməramlıların qarant ola bilməməsilə bağlı etiraza cavab olaraq Qriqoryan deyib ki, bu, 2020-ci il noyabr tarixli üçtərəfli bəyanatın “kobud şəkildə pozulması” idi. Onun sözlərinə görə, Rusiya Azərbaycan qüvvələrinin çıxarılacağına əmin edib və ümid edirlər ki, sülhməramlılar bunu təmin edəcək: “Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək”.
Görünən odur ki, Ermənistan yenə riyakar oyun oynayır. Bir tərəfdən Ermənistan ordu birləşmələrinin Qarabağdan çixarılmasından bəhs edirlər, o biri tərəfdən separatçıların “ordusu” barədə sərsəmləyirlər. Hansı “Qarabağ ordusu”ndan söhbət gedir?
“Bu o deməkdir ki, Ermənistan vətəndaşları qanunsuz olaraq Qarabağda muzdlu xidmət edəcək”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bu o deməkdir ki, Ermənistan vətəndaşları qanunsuz olaraq Qarabağda muzdlu xidmət edəcək: “Əslində dolayı da olsa, Armen Qriqoryan bunu demək istədi. Neçə gündür bizim media orqanları yazır ki, Ermənistan sentyabra qədər ordusunu Qarabağdan çıxaracaq. Əslində isə bu heç də belə deyil. Qriqoryan ikibaşlı danışır. Bir tərəfdən deyir qondarma separatçı qurumun “hərbçiləri” orada xidmət edəcək, o biri tərəfdən deyir Ermənistandan müqavilə əsasında Qarabağda xidmət edənlər olacaq. Belə olan halda Ermənistan ordusunun guya Qarabağı tərk etməsinin mənası nədir? Düzdür, Qriqoryan bəzi məsələləri açıq deyə bilmir, amma müəyyən eyhamlar vurur. Yəni çağırışçı qismində olmasa da, müqavilə əsasında Ermənistan vətəndaşları separatçılarla birlikdə muzdlu kimi xidmət edəcəklər. Bu çox təhlükəli tendensiyadır. Sülhməramlılar orada varsa, separatçıların “ordusuna” nə ehtiyac var? Ona görə də qəti şəkildə biz bunun qarşısını almağa çalışmalıyıq. Azərbaycan Rusiya qarşısında məsələ qoymalıdır ki, buna son qoysun. Sülhməramlıların nəzarət etdiyi ərazidə separatçıların silahlı birləşmələri ləğv edilməlidir”.
Vidadi ORDAHALLI