Tehranda Suriya nizamlanması, Qarabağ problemi və ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib. Rusiya mediasının yazdığına görə, Putin
Suriya nizamlanması ilə bağlı çoxlu sualların olduğunu deyib: “Perspektivli böyük ikitərəfli layihələr irəliləyir və inkişaf edir. Digər mühüm məsələ bizim baxış sahəmizlə bağlıdır - Qarabağ probleminin həlli…”
Bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırlayan Putin İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyini deyib: “Bizim çox böyük gündəmimiz var”.
Putin qeyd edib ki, heç nəyə baxmayaraq, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi artır və çox əhəmiyyətli templə inkişaf edir.
Məlumdur ki, Əliyevlə Ərdoğan mütəmadi təmasda olurlar. O halda niyə Putin onlardan bir-birinə salam çatdırır? Putinin bu ifadəsi ciddi müzakirələrə səbəb olub. Bununla Putin nə demək istəyib?
Elşad Musayev: “Putin özünün də İlham Əliyevlə yaxın olduğunu Ərdoğanın diqqətinə çatdırmaq istəyib”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musyaev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranda Putinin bu ifadəsi Azərbaycanda ciddi müzakirələrə səbəb olub: “Bununla bağlı müxtəlif yozumlar var. Burada Putin eyham da edə bilər ki, yəni İlham Əliyevin Ərdoğanla çox yaxın olduğundan məlumatlıdır. Digər tərəfdən isə, bununla Putin özünün də İlham Əliyevlə yaxın olduğunu Ərdoğanın diqqətinə çatdırmaq istəyib. İstənilən halda, buna dərindən fikir vermək lazım deyil. Sözdü deyib də”.
Arzuman Abdulkərimov: “Bütün baş verənlər Azərbaycanın nə dərəcədə böyük önəmə malik olduğundan xəbər verir”
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putin bu sözü təsadüfən deməyib: “Çoxlu mənalar çıxarmaq mümkündür. Təbiidir ki, Rusiya Azərbaycanla Türkiyə arasında olan yaxınlıqdan məmnun deyil. Demək istəyir ki, İlham Əliyev yalnız sizinlə yox, həm də bizimlə çox yaxındır. Bizim üçün sevindirici odur ki, belə nəhəng ölkələr bizim ölkə başçısı ilə yaxın olduqlarını nəzərə çatdırmaqla müəyyən manevrlərə can atırlar. Əslində bunun özü İlham Əliyevin nə qədər müdrik siyasətçi olduğundan və dünyadakı böyük ölkələrin rəhbərləri tərəfindən qəbul edildiyindən xəbər verir. İstənilən halda, Azərbaycan regionun aktiv ölkəsidir. Biz regionun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni reallıqlar yarada bilmişik. Bütün baş verənlər Azərbaycanın nə dərəcədə böyük önəmə malik olduğundan xəbər verir. Putinin bu atmacasında bizə ziyanlı olan hansısa fikir görmürəm”.
Məhəmmədəli QƏRİBLİ