Məlum olduğu kimi, iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıb.
Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Avropa İttifaqına çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Əsas hədəf kimi 2027-ci ilə qədər Avropa İttifaqına ən azı illik 20 milyard kubmetr qazın ixrac edilməsi götürülür. Memorandumda tərəflər istehsalçılar, ixracatçılar və infrastruktur sahibləri üçün tələbin təhlükəsizliyini, eləcə də idxalçılar və alıcılar üçün təchizat təhlükəsizliyini dəstəkləmək məqsədilə uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayır.
Ümumilikdə, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? Onun perspektivdə hansı hədəfləri var? Biz bu bəyannamə vasitəsilə nəyə nail olacağıq?
“Azərbaycan mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq”
Sözügedən məsələyə dair fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, bunun Azərbaycan üçün bir sıra faydası var: “Sənəd tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək. Belə ki, Avropa İttifaqı Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Aİ üçün yeganə yeni və mühim alternativ enerji mənbəyinə çevrilməkdədir. Avropada Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə Aİ ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib. Ən nəhayət, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi daha da artacaq”.
Bir sözlə, millət vəkili hesab edir ki, sənədin Azərbaycan üçün əhəmiyyəti böyükdür.
Vidadi ORDAHALLI