Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir: "10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb.
Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bugünə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
Göründüyü kimi, Prezident çox ilginc bir məsələ ilə bağlı təfərrüatlı açıqlama verib. Prezidentin səsləndirdiyi bu cür ciddi məlumata üç gündür ki, Rusiyanın Müdafiə Nazirliyi heç bir mövqe açıqlamır. Rusiyanın müvafiq qurumunun bu susqunluğunun səbəbi nə ilə bağlıdır?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya qaynar nöqtələrdən hər zaman öz xeyri üçün istifadə edib: “Uzun müddət keçmişdə qalan Qarabağ münaqişəsindən də belə istifadə edib. Hazırda Azərbaycan öz gücünə yeni reallıqlar yaradıb. Həmin reallıqların fonunda Ermənistan həm də Rusiyanın iştirakı ilə öhdəliyə imza atıb ki, bütün silahlıları ərazidən çıxaracaq. Ancaq iki ildir ki, bunu etmir. Bunun da məsuliyyəti həmin ərazidə stabilliyi təmin etməklə bağlı öhdəliyi üzərinə götürən Rusiya sülhməramlılarının üzərində qalır. Görünür, Azərbaycan bunu daha qəti tələb edib və Rusiyanın yüksək çinli hərbçisi konkret vaxt istəyib. Ancaq həmin vaxt da keçib, yenə ortada nəticə yoxdur. Rusiyanın Qarabağ ərazisindəki hərbi mövcudluğu bir məqsədə xidmət edir - Cənubi Qafqaz dövlətlərini öz təsiri altında saxlamasına. “Sülhməramlı” deyilən qüvvələr regionda qətiyyən sülhü qorumur və Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı deyillər. Onlar 44 günlük müharibə nəticəsində yaranmış vəziyyəti qoruyub saxlayırlar. Görünən budur ki, İrəvanla Bakı arasında qarşıdurmanın davam etməsi Rusiyaya sərf edir. Çünki bu ona münaqişə tərəflərinə təsir etmək üçün əlavə imkanlar yaradır. Münaqişənin davam etməsindən Rusiya öz qoşunlarının Azərbaycan ərazisində qalma müddətini uzatmaq üçün istifadə edə biləcək. Kreml onların mövcudluğundan eyni zamanda Azərbaycan-Rusiya dialoqu çərçivəsində istifadə edəcək. Amma Azərbaycan bu vəziyyətlə barışmaq fikrində deyil. Azərbaycan məcburdur ki, problemi öz gücünə həll edə. Çünki Prezidentin səsləndirdiyi bəyanatın üzərindən 3 gün keçsə də, hələ də Rusiya MN bununla bağlı mövqeyini açıqlamayıb. Deməli, bu nəticəyə gələ bilərik ki, mövcud vəziyyət Kremli qane edir. Vəziyyətdən çıxış yolu beynəlxalq səviyyədə tanınmış sərhədlərin çərçivəsində Azərbaycanın öz ərazisi daxilində antiterror əməliyyatı keçirib, erməni silahlılarını təmizləməkdən keçir. Ya Rusiya tez bir zamanda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir, ya da biz özümüz tezliklə bunun öhdəsindən gəlməliyik”.
Məhəmmədəli QƏRİBLİ