Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir:
"10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
Göründüyü kimi, Prezident çox ilginc bir məsələ ilə bağlı təfərrüatlı açıqlama verib. Məlum olur ki, erməni silahlılarının Azərbaycanı tam tərk etməsinə Rusiya da maraq göstərmir. Maraqlıdır niyə?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə tələblərini irəli sürüb: “İlk dəfədir ki, bu mövzu Prezident tərəfindən belə detallı şəkildə içtimaiyyətə açıqlanır. Prezident dedi ki, hətta yüksək çinli rus hərbçisi bununla bağlı üzərinə öhdəlik də götürüb, ancaq deyilən vaxt keçsə də, ortada nəticə yoxdur. Gəlin məsələyə bir qədər məntiqi aspektdən yanaşaq. Hər halda, Prezidentin bəhs etdiyi rus hərbçisi geniş səlahiyyətlərə malik bir adam olub ki, belə məsuliyyəti üzərinə götürüb. Digər tərəfdən, həmin hərbçi Rusiyanın ən ali rəhbərliyi ilə razılaşmadan belə məsuliyyətin altına girə bilməz. Onda bu nəticəyə gəlirik ki, siyasi manevr adı ilə cığallıq edən yenə Ermənistandır. Əslində, Rusiya öz sülhməramlılarını regiona gətirməklə öz istəyinə nail olub. Xüsusilə də, Ukrayna ilə baş verən müharibənin belə gərgin fazasında Rusiyaya ermənilərin cığallığından doğan əlavə problemlər lazım deyil. Bununla Ermənistan həm də Rusiyanı bir vasitəçi olaraq pis vəziyyətdə qoyur.
Diplomatik təcrübəsində zamanlamadan çox yüksək məharətlə istifadə edən İlham Əliyevin bu narazılıqlarını Tiflis görüşündən bir gün öncə dilə gətirməsi, əlbəttə, təsadüf deyil.
Bütün hallarda, Azərbaycan ciddi addımlar atmaq fikirindədir. Yəni Paşinyanın manevrlərinə göz yummaq niyyətində deyil. Bu isə yeni savaş olmayacaq. Lokal, lakin ciddi nəticələrə hesablanan anti-terror əməliyyatları ilə biz silahlı erməniləri öz suveren ərazilərimizdən çıxara biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ