Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub. Bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib. Səfir Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.
Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə əyani tanış olub. Qeyd edək ki, bu, Rusiyanın Azərbaycandakı səfirinin Şuşa azad olunandan sonra şəhərə ilk səfəridir. Maraqlıdır ki, bundan əvvəl Azərbaycan hökümətinin təklifi ilə ölkəmizin mədəni paytaxtı Şuşaya səfər etmiş 46 dövlətin səfirləri arasında üç ölkənin – ABŞ, Fransa və Rusiyanın səfirləri olmayıb. Bu ölkələrin səfirləri Azərbaycan hökümətinin təklifini qəbul etməyərək, Şuşaya getməkdən imtina etmişdi. Rusiya səfirinin Şuşaya səfərlə bağlı atdığı müsbət addımı hansı amillərlə əlaqələndirmək olar?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar yaranıb: “Təbiidir ki, mövcud olan reallıqlarla region ölkələri də barışmaq məcburiyyətindədir. Çünki Azərbaycan regionda sülh və rifahı bərqərar edir. Belə olduğu halda, Rusiya Federasiyasının ölkəmizdəki səfirinin Şuşaya səfəri təqdirəlayiqdir. Rusiya səfirinin Şuşada ermənilərin tarixi abidələrimizə qarşı törətdiyi vandallıqları öz gözü ilə görməsi çox vacib amildir. Bununla yanaşı, rusiyalı səfir Azərbaycanın öz tarixi şəhərinə necə önəm verdiyinin, orada bərpa-quruculuq işlərinin hansı həssaslıqla apardığının da canlı şahidi olub. Rusiya səfirinin bundan əvvəl təşkil edilən səfərlərdən imtina etməsinə gəldikdə isə, bununla bağlı da yeni reallıqlar formalaşıb. Məlumdur ki, Rusiya fəaliyyəti heç kimə lazım olmayan ATƏT-in Minsk qrupunun həmsədridir. Yadınızdadırsa, həmin səfərdən digər iki həmsədr ölkələrin səfirləri də imtina etmişdi. Artıq həmin ölkələrin özləri də həmsədrlikdən faktiki imtina ediblər. Bu strukturu xüsusi nümayəndə ilə əvəz ediblər. Azərbaycan da Minsk qrupunun yarıtmaz fəaliyyətini tənqid edir. Belə olan halda həmin təsisatın adı ilə manipulyasiyalar da tükənir. Artıq Azərbaycanın qətiyyətli mövqeyinin nəticəsidir ki, həmsədr ölkələrin səfirləri reallıqla barışır. İstənilən halda, səfirin Şuşa səfərini təqdir edirik. Rusiya Azərbaycanın müttəfiqdir. Bizim ərazi bütövlüyümüz də Rusiya üçin maraqlı olmalıdır. İstərdik ki, digər həmsədr ölkələrin səfirləri də analoji addımı atsınlar”.
Məhəmmədəli QƏRİBLİ