Erməni işğalından azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir.
Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk “ağıllı kənd”ə əhalinin köçürülməsi üçün hər şey hazırdır. Ağalı kəndinin sakinləri artıq bu aydan Ağalıda yerləşəcək, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir.
Məlumat üçün qeyd edək ki, əhalinin ilk qrupunun Ağalıya köçürülməsi iyulun 19-u həyata keçiriləcək. Köçürmə prosesin 4 mərhələdə həyata keçiriləcək. Sakinlərin ilk qrupu iyulun 19-u Ağalıya aparılacaq. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.
Onu da bildirək ki, Azərbaycanda ilk dəfə “ağıllı kənd” layihəsi azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində icra olunur. Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.
Onu da əlavə edək ki, Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. “Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, suelektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır.
“Ağalı kəndində əlavə 150 evin inşası nəzərdə tutulur, quruculuq işləri paralel surətdə digər işğaldan azad edilmiş bölgələrdə də aparılır”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vətən müharibəsindən əvvəl hökumət dairələrində torpaqlar işğaldan azad edildikdən sonra vətəndaşların geri qayıtması ilə bağlı böyük plan hazırlanırdı. Vətən müharibəsindən dərhal sonra həmin proqram icra edilməyə başlandı: “Ermənilər nəinki evləri, obyektləri, hətta yaşayış üçün zəruri olan yerlərin hamısını minalayıblar. Həmin ərazilərin minalardan təmizlənməsi, kommunikasiyanın bərpa olunması xeyli vaxt apardı. Yaşayış evləri yenidən tikilir. Işğaldan azad edilmiş ərazilərdə yaşayışın bərpa olunması üçün işlər ardıcıl şəkildə həyata keçirilir”.
Millət vəkilinin sözlərinə görə, Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa və işğaldan azad edilmiş digər rayonlarda quruculuq işləri həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndinə isə gələn həftə əhali köçəcək: “Cənab Prezident ötən ay Zəngilan rayonunun Ağalı kəndində olarkən 200 evin açılışını etdi. Prezidentin göstərişi ilə müvafiq sosial obyektlər yarandı. İnsanlar öz yurd-yuvalarına geri qayıtdıqdan sonra işlə təmin olunacaq, məktəb də fəaliyyətə başlayacaq. Sentyabrın 15-nə qədər adıçəkilən kənddə həyat tam şəkildə bərpa olunacaq. Məlumat üçün bildirim ki, Ağalı kəndində əlavə 150 evin inşası nəzərdə tutulur. Quruculuq işləri paralel surətdə digər işğaldan azad edilmiş bölgələrdə də aparılır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bütün dünya erməniləri yaşayış yeri dağıdan, kommunasiya mərkəzlərini məhv edən kimi tanıyır. Ancaq Azərbaycan ermənilərin talan etdiyi yerləri müasir şəkildə bərpa edir. Bütün dünya bunun şahididir.
Günel CƏLİLOVA