Erməni diasporunun Fransadakı məşhur siması Frank Papazyanın Ermənistana girişinə qadağa qoyulub. Bu qadağa Paşinyan hakimiyyəti tərəfindən tətbiq edilib. Beləliklə, Papazyanın İrəvan hava limanından Ermənistana daxil olmasına icazə verilməyib.
Burada diqqəti çəkən məqam odur ki, F.Papazyan sıradan diaspor təmsilçisi deyil. Papazyan Avropada Ermənistanın və “Artsax”ın maraqlarını qətiyyətlə müdafiə etməsi ilə seçilir. Eyni zamanda o, Fransa və “Artsax”ın parlamentlərarası dostluq qrupunun başında dayanan şəxsdir. Papazyanın Türkiyə və Azərbaycana, eləcə də artıq Ermənistana daxil olması qəti qadağandır. Papazyan həm də Avropada Türkiyə-Azərbaycan lobbisinə qarşı qarayaxma kampaniyası aparması ilə tanınır. Papazyan Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasının qəti əleyhinə olan personadır.
O da məlumdur ki, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşmasına qarşı olan əsas qüvvələrdən biri də xaricdəki erməni diasporudur. Azərbaycan ərazilərinin uzun illər işğal altında qalmasının səbəblərindən biri də diasporun sözügedən məsələdə tutduğu destruktiv mövqe idi. Dəfələrlə qeyd olunub ki, erməni diasporu məsələlərin həll olunmasını istəmir. Azərbaycan Ordusunun Vətən müharibəsində işğal altında olan əraziləri azad etməsindən sonra xaricdəki bir sıra diaspor qrupları Paşinyana qarşı açıq fəaliyyət göstərir. Bütün bunların fonunda, aparıcı diaspor təmsilçisi F.Papazyanın İrəvana buraxılmaması nəyə hesablanıb?
“Bu və digər məsələlər Papazyanın timsalında radikal mövqedən çıxış edən diaspor təmsilçilərini narahat edir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Papazyanın İrəvana buraxılmamasının başlıca səbəbi onun Paşinyana qarşı olan kəskin münasibəti ilə bağlıdır: “Papazyan erməni diasporunun Avropada olan aparıcı fiqurlarından biridir. Onun Paşinyanla ciddi problemləri var. Məsələ ondadır ki, Papazyan Nikol Paşinyana qarşı ən radikal mövqedən çıxış edən diaspor təmsilçisidir. Dəfələrlə o, Paşinyanla bağlı ən aşağılayıcı ifadələr işlədib. Ona görə də əsas narazılıq mövcud Paşinyan hökuməti ilə Papazyan arasında olan narazılıqdır. Məhz bu səbəbdən o, İrəvana buraxılmayıb. Bəzi məsələlər var ki, Papazyan çox radikal mövqedən çıxış edir. Onun radikal mövqeyi də Paşinyan hökumətini qane etmir. Xüsusən də Papazyan Ermənistan-Türkiyə münasibətlərinin yumuşalmasına qarşıdır. Paşinyan da son vaxtlar Türkiyə ilə münasibətləri yoluna qoymaq üçün müəyyən addımlar atır. Məlum olduğu kimi, Qurban bayramı ilə əlaqədar Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi. Uzun fasilədən sonra ilk dəfə idi ki, iki dövlət başçısı arasında belə birbaşa təmas quruldu. Eyni zamanda, Türkiyə və Ermənistan təmsilçilərinin iki ölkə münasibətlərinin normallaşması ilə bağlı təmasları keçirilir. Artıq tərəflər quru sərhədlərini üçüncü ölkə üçün açmaqla bağlı razılığa gəliblər. O cümlədən, digər məsələlərlə bağlı razılaşmaların əldə olunması gündəmdədir. Bütün bu və digər məsələlər Papazyanın timsalında radikal mövqedən çıxış edən diaspor təmsilçilərini narahat edir”.
Partiya sədri onu da əlavə etdi ki, diaspora ilə Paşinyan arasında qarşıdurmanın davam edəcəyi gözlənilir.
Vidadi ORDAHALLI